Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi qeyd olundu

05 dekabr 2018 | 11:00

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 dekabr 2018-ci il tarixdə kitabxananın 90 illiyi münasibəti ilə “Kitabxanalar- ənənələr, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açaraq bildirdi ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi 90 il ərzində məqsəd və vəzifələrini zamanın tələblərinə uyğun formalaşdırmış, xidmət dairəsini genişləndirmiş, həmçinin, potensialını gücləndirmişdir. Kitabxana qarşıdakı illər ərzində respublika rəhbərliyinin sərəncamlarını, Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq öz işini daha da mükəmməl və uğurlu şəkildə davam etdirəcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev “XXI əsr kitabxanaları- ənənələr və innovasiyalar” mövzusunda məruzə etdi. Nazir müavini kitabxana kollektivini 90 illik yubileyi və dörd nəfər əməkdaşı Prezident İlham Əliyevin 04 dekabr 2018-ci il Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik etdi. Vaqif Əliyev Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsindən danışdı və bu sahədə müəyyən qədər xidmətləri olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının da rolunu xüsusi vurğuladı.

Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Cəfərov Aslan, Yasamal rayon İcra Hakimiyyətinin məsul işçiləri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Müasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent, BMT Yanında Beynəlxalq İnformasiya Akademiyasının Həqiqi Üzvü Nadir İsmayılov “Gənclərin informasiya təminatı və biblioqrafik fəaliyyətdə innomativ meyllər”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov “Azərbaycan Respublikasının Prezident Kitabxanası və gənclərə müasir kitabxana xidməti” mövzularında məruzələr etdilər. Həmçinin, ADA Universitetinin əməkdaşı Müşfiq İmamverdiyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Aybəniz Əliyeva (Kəngərli), AMEA-nın kitabxana və informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektorunun humanitar işlər üzrə müavini Aqşin Babayev, BDU-nun kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, BMT yanında Beynəlxalq İnformasiya Akademiyasının Həqiqi Üzvü Xəlil İsmayılov, fizika-riyaziyyat elmləri doktoru, dosent, BDU-nun kitabxana-informasiya fakültəsinin dekanı Azad Qurbanov, BDU-nun kitabşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, UNEC Kitabxanasının icraçı direktoru Arzu Məmmədova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi də müxtəlif mövzularda çıxışlar etdilər.

Konfrans başa çatdıqdan sonra Azərbaycan Dövlət Musiqili Teatrda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə təntənəli yubiley tədbiri keçirildi. Təntənəli yubiley tədbirinin rəsmi hissəsində Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayev kitabxananın fəaliyyəti, layihələri haqqında məlumat verəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 04 dekabr 2018-ci il tarixli Sərəncamını diqqətə çatdırdı. Sərəncam Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə dörd nəfər əməkdaşın “Tərəqqi” medalı ilə təltif olunması haqqında verilmişdi.

Kitabxananın beş nəfər əməkdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, beş nəfəri Yasamal rayon İcra Hakimiyyətinin, dörd nəfər Bilik Fondunun, dörd nəfər Yunis Əmrə İnstitutunun, on yeddi nəfər Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanları ilə mükafatlandırıldılar.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Milli Məclisin deputatı Fazil Mustafa və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin çıxışlarından sonra bədii hissə oldu.

Tədbir boyu kitabxananın tarixini əks etdirən foto-slaydlar nümayiş olundu. Teatrın foyesində təşkil olunan “Heydər Əliyev və müstəqil Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyəti-90”, “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası- 90”, “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elektron resursları” adlı kitab sərgilərinə də baxış keçirildi.

Keçidlər