Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi

29 noyabr 2018 | 11:00

Noyabrın 29-da 2 nömrəli sahə inzibati ərazi dairəsi 20 saylı məktəbdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal sakinlərini salamlayaraq, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının Ulu Öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Həmçinin,  Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinin, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu diqqətə çatdırdı.

İcra başçısı Əziz Əzizov sakinlərlə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən bütün ölkə ərazisində, o cümlədən Yasamal rayonunda 2018-ci ilin əvvəlindən başlayaraq həyata keçirilən iri miqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları və cari işlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsində xidmətləri, ölkə rəhbərliyinin daxili və xarici siyasətinin əhali, əmək kollektivləri, xüsusən yeniyetymə gənclər arasında təbliğinin əhəmiyyəti barədə sakinlərə geniş məlumat verdi.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsi Yasamal rayonunda uğurla həyata keçirilir və bu tədbirlər mütəmadi davam etdiriləcəkdir. Belə ki, son bir neçə ay ərzində rayon ərazisində 17  yeni abad məhəllə salınması istiqamətində geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Artıq Hüseyn Cavid prospekti 87 A, Yeni Yasamal yaşayış massivində Əhməd Cəmil küçəsi 70, Dadaş Bünyadzadə küçəsi 14, Əsəd Əhmədov küçəsi 3 və 5 , Xarici Dairəvi yol 11 nömrəli yaşayış evlərinin ətrafında “Abad məhəllə” layihələri uğurla başa çatdırılıb. Ümumilikdə Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfalt örtüklərinin vurulması işləri aparılmışdır. Hal-hazırda xeyli müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş Yeni Yasamal parkında təsdiq olunmuş layihəyə uyğun olaraq ən müasir tələblərə cavab verən istirahət məkanının yaradılması, Məhəmməd Xiyabani, Dadaş Bünyadzadə küçələrində və “A” keçidində abadlıq-quruculuq işləri başa çatdırılmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında qeyd etdi ki, həyata keçirilən abadlıq-quruculuq işlərində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarətdir.

Səyyar qəbul-görüşdə iştirak edən sakinlər son illər ərzində ölkədə, cari ilin əvvəlindən yaşadıqları ərazidə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər