Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yasamal rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümünü qeyd etdi

19 noyabr 2018 | 11:00

YAP Yasamal rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbiri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başladı.YAP Yasamal rayon təşkilatının qərargahında Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilən tədbirdə müstəqilliyimizlə yaşıd olan partiyanın yaranma tarixindən, o dövrdə Azərbaycanda baş verən çətin və mürəkkəb ictimai- siyasi hadisələrdən bəhs olundu.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, müxalif qurum kimi fəaliyyətə başlayan partiyanın qısa müddətdə iqtidar partiyası kimi yoluna davam etməsi təşkilatın yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin və inamının ifadəsi idi.Ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata, qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan tarixinə «91-lər» kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. Ziyalıların çağırışına cavab 21 noyabr 1992-ci ildə Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı oldu. Həmin hadisə yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu.

Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov Azərbaycanın qazandığı uğurlarda böyük rolu olan, ümumxalq tribunasına çevrilən YAP-ın tarixindən bəhs etdi. Hakimiyyətə qayıdışı ilə Azərbaycanı təhlükələrdən xilas edərək xilaskar adını qazanan ulu öndər Heydər Əliyevin adi ilə bağlı olan partiyamız tək ölkəmizdə deyil, regionda və dünyada vahid siyasi qüvvə kimi tanınır. Hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaradan, müstəqil Azərbaycanın Milli Konstitusiyasını hazırlayan Ulu Öndər bildirirdi ki, Ali Qanunlarımızın hər maddəsində dinindən, dilindən, milliyyətindən asılı olmayraq bütün vətəndaşların sərbəst yaşamaq, azad düşünmək hüquqları əksini tapmalıdır. Onun ideyaları əsasında özünü doğruldan siyasətə uyğun davam etdirilən inkişaf ölkəmizə yalnız uğur gətirir.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, YAP-ın xalqın etimadı ilə yarandığı keçdiyi zəngin və şərəfli yol ilə bir daha sübut olunur. Ulu Öndərin adı ilə bağlı olan bu partiyanın Nizamnamə və Proqramının əsasında Azərbaycan xalqına xidmət daim öndə olub. Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən Azərbaycan Xalq Cümhuriyyətinin atributlarını- üçrəngli bayrağını, himnini, gerbini bərpa etməklə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təşəbbüsü irəli sürməklə müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər dövlətimizin qanunvericilik bazasını da o illərdə hazırladı. YAP xalqımızın üzləşdiyi o ağır illərdə yarandı. Ölkədə anarxiyanın tüğyan etdiyi, iqtisadi tənəzzülün ölkəni iflasa sürüklədiyi, insanların çörəklə imtahana çəkildiyi o illərdə xalq ayağa qalxdı, öz liderini seçdi. Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan partiyamızın yaxın zamanlarda sıralarının 800 minə yaxınlaşacağı YAP-a inamdan irəli gəlir. O insanlar partiyanın ətrafına birləşib ki, onlar yaşadıqları ərazilərdə, işlədikləri kollektivlərdə böyük nüfuz sahibi olmaqla Vətən, xalq naminə fədakarlığa hazırdırlar. Azərbaycan xalqının inkişafı naminə əllərindən gələni əsirgəmirlər.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirdi ki, Ulu Öndər heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan lider kimi xalqda milli məfkurənin, təfəkkürün formalaşması, süverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Yarandığı gündən dövlətçiliyin möhkəmlənməsini, müstəqilliyin əbədiliyini başlıca vəzifə kimi qarşıya qoyan ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın inkişaf yolu müəyyənləşdirildi. İldə 2-3 qurultay keçirən, sədr və möhürdən ibarət «partiyalardan» fərqli olaraq kəmiyyət və keyfiyyət baxımından inkişaf edən YAP saflaşmaqla sıralarını mətinləşdirdi. Azərbaycanın bu gün qazandığı uğurların əsasını da Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin liderlik cəsarəti, xalq-iqtidar birliyi təşkil edir. Ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaq üçün bütün məsuliyyəti üzərinə götürən, qarşıda duran bütün çətinliklərə əzmi, siyasi iradəsi, dövlətçilik təcrübəsi ilə qalib gələn Ulu Öndər bu ideyanı xalqın təfəekküründə formalaşdırmaqla liderlik vəzifəsini də yerinə yetirdi.

«Səs» Media Qrupunun rəhbəri Bəhruz Quliyev YAP-ın təsis olunduğu illərdə ölkədəki gərginlikdən, səbatsız hakimiyyətin yaratdığı xaosdan danışaraq bildirdi ki, ilk gündən ölkədəki sabitliyin, inkişafın istiqamətlərini irəli sürdüyü konsepsiya ilə müəyyənləşdirən Ulu Öndər Heydər Əliyev bununla müstəqilliyimizin əbədiliyini təmin etdi. Ölkədə ictimai-siyasi proseslərin mürəkkəbləşdiyi bir zamanda tarixi zərurətdən yaranan, xalqa daha yaxın olan Yeni Azərbaycan Partiyası ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırdı. Təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir.

Yasamal rayon İcra Hakimiyətinin başçısı Əziz Əzizov bildirdi ki, bu gün partiyanın keçdiyi yola nəzər salan hər kəs yaxşı xatırlayır ki, YAP yarandığı gündən xalqın istək və məqsədlərinin həyata keçirilməsində avanqard rolunu uğurla davam etdirir.Qeyd etdi ki, Ulu Öndərin müdrikcəsinə müəyyənləşdirdiyi dövlətçilik məktəbinin yetirməsi Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünya siyasətində rolu, mövqeyi möhkəmlənən ölkə kimi tanınır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, milli təfəkkürün, azərbaycançılıq ideyasının formalaşması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın ətrafına toplaşan saf əqidəli insanlar üçün fəaliyyət proqramı oldu. O ağır günlərdə ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, siyasi və iqtisadi islahatlar olan YAP-ı yaratmaqla demokratik inkişafı gələcək üçün xilas yolu kimi seçən ulu öndər Heydər Əliyev illərin sınağında təkmilləşmiş, güclənmiş partiyanın siyasi xəttini müəyyənləşdirərkən müstəqilliyin qorunması, sabitliyin təminatı, qanunvericiliyin, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində islahatlara üstünlük verdi. Ən çətin dövrlərdə ümummilli lider Heydər Əliyevin hakmiyyətə gəlməsini nicat yolu seçən xalq Ulu Öndərin ideyasını davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməklə həmrəyliyini bildirir.

Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri, 9 rayon üzrə 50 komandanın iştirak etdiyi «Ölkəmizi tanıyaq» maarifləndirici tur- aksiyada qalib gələn Yasamal rayon məktəblilərinə, eləcə də YAP Yasamal rayon təşkilatının fəallarına və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarına Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Keçidlər