Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasında Yasamal rayonundan 40 məktəbli iştirak edəcək

13 noyabr 2018 | 11:00

Yasamal Rayon Heydər Əliyev Mərkəzində növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra məktəblilər və rayon rəhbərliyi ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.Qeyd edilib ki, bu il noyabrın 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23444 nəfərə çatır.Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 14-17-də Yasamal rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər.

YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev şəhid ailələrinə, Qarabağ uğrunda döyüşən, əlil olan insanlara diqqət və qayğı göstərilməsinin vacibliyindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər.

Qeyd olunub ki, aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

38 saylı məktəbin valideyni, 20 Yanvar əlili Vidadi Kərimovun həyat yoldaşı Gülnarə Kərimova və Avropa liseyinin şagirdi Taleh Əliyev ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğısından söz açdılar və öz təşəkkürlərini bildirdilər.

Tədbirdə məktəblilərin Vətənə həsr etdikləri şerlər və İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında nümayiş olunan bədii kompozisiya maraqla qarşılanıb.

Keçidlər