Şriftin ölçüsü :

Saytın rəngi :

“Dalğalan bayrağım” adlı tədbir keçirildi

07 noyabr 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 158 saylı yam orta məktəbdə böyük təntənə ilə Azərbaycan Dövlət Bayrağı gününə həsr olunmuş rayon tədbiri keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ümumtəhsil məktəblərinin, ali və orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin direktorları və müəllimləri, ziyalılar, rayon ictimaiyyəti, şagirdlər və müəllimlər iştirak etdilər.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, ənənəvi olaraq hər il milli bayrağımızın tarixi ilə bağlı gənc nəsil arasında təbliğat tədbirləri keçirilir. “Azərbaycan Respublikasının dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” adlı tədbirdə də gənclərimizə bayrağımız haqqında ətraflı məlumat vermişik. Tədbirin əsas məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Azərbaycan bayrağı dövlətimizin simvoludur. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Diqqətə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan bayrağımız xalqımızın azadlıq məfkurəsini, milli-mənəvi dəyərləri və ümumbəşəri idealları əks etdirir. Bu gün işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Ağdamda, Laçında və digər rayonlarımızda əzəmətlə dalğalanacaq.

Məktəbin şagirdləri nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyada XIX əsrin sonlarında Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra ziyalılarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdilər. Bildirdilər ki, ziyalılarımız xalqımızda milli kimliyin formalaşması üçün maarifçilik hərəkatına başladılar. Məhz bunun nəticəsi idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı, müstəqil dövlətimizin qürur mənbəyi olan üçrəngli bayrağımız qəbul olundu. 23 aydan sonra - aprelin 28-də milli bayrağımız sovet bayrağı ilə əvəz edildi. Ancaq 70 ildən sonra üçrəngli bayrağımız yenidən ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qəbul olundu. Baxmayaraq ki, o zaman SSRİ tam süqut etməmişdi, amma ümummilli lider Heydər Əliyev sovet siyasi sistemindən imtina edərək üçrəngli bayrağımızı qəbul etdi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qəbul olundu. Azərbaycan gəncliyi hər zaman bayrağımıza sahib çıxmalıdır.

Daha sonra gənclər Azərbaycanın dövlət bayrağının keçdiyi tarixi və şanlı yoldan, ulu öndər Heydər Əliyevin bayrağımıza tükənməz məhəbbətindən danışdılar.

N saylı hərbi hissənin əsgərləri tərəfindən qaldırılan 100 bayraq zalda böyük coşqu və sevinclə qarşılandı.

Keçidlər