Şriftin ölçüsü :

Saytın rəngi :

"Qeyb" müasir video və fotoqrafiya qrup sərgi layihəsi açıldı

05 noyabr 2018 | 11:00

5 noyabr 2018-ci il tarixində Yasamal rayonunda yerləşən İbrahim Əbilov adına Mədəniyyət mərkəzində Avropada Mədəni İrs İli münasibətilə, Yasamal rayon İcra Hakimiyyətinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin maliyyə dəstəyilə təşkil olunan “Fantazia” mədəni irs festivalı çərçivəsində "Qeyb" müasir video və fotoqrafiya qrup sərgi layihəsi açıldı.

Bu sərgi müxtəlif ölkə və mədəniyyətləri təmsil edən, müxtəlif bədii yaradıcılığa malik və müasir vizual sənətin müxtəlif istiqamətlərində işləyən sənətkarları dünya mədəni irsinin qorunması və saxlanılması mövzusu birləşdirir ki, bu da onların sərgi çərçivəsində təqdim olunan əsərlərində nümayiş olunur.

Sərginin keçirilməsi üçün 1835-ci ildə tikilmiş, tarixi və memarlıq dəyəri olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin binası təsadüfən seçilməmişdir. Bakının köhnə hissəsində, müasir binaların tikilib, köhnələrin söküldüyü ərazi olan Sovetskaya deyilən ərazidə yerləşən İ.Əbilov mərkəzi kimi binalar tarixi keçmişin qorunması və saxlanılmasının vacibliyini sübut edən canlı bir nümunə kimi xidmət edir. “Qeyb”in ideya müəllifi Səbinə Şixlinskaya, bədii kordinatoru Könül Rəfiyevadır.

Sərgidə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Bakının simasının gündən-günə dəyişməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan “Sovetski” adlanan ərazidə və rayonda abadlıq-quruculuq istiqamətində görülən işlərdən söz açdı.

Səbinə Şixlinskaya (Azərbaycan), özünün "Onun çiyinləri üstündə səma" adlı videosunda vizual simvol dilindən istifadə edərək, tarixi bir binanın söküntüyə məruz qalması ilə bağlı real hadisələrə əsaslanan qısa mifoloji süjeti təqdim edir.

Çinarə Məcidova (Azərbaycan) "Dalan" videosuyla "Sovetskaya” ərazisi və onun sakinlərinin buradakı həyatının son günlərindən bəhs edən görüntülər nümayiş edir və kamerası ilə Bakının bu tarixi hissəsinin dağıdılıb toz olması prosesini izləyərək sənədləşdirir.

Mayk Reynbornun (ABŞ) video installyasiyası keçmişdə “Sovetskaya” bölgəsinin gündəlik həyatına dair əşya, film və fotoşəkillərin sənədləşdirilməsinə və interaktiv ərazilərin yaradılmasında istifadəsinə əsaslanır.

Onno Kervers (Hollandiya) "Bakı- Qara şəhər, Ağ şəhər" fotoseriyasında Bakının memarlıq irsinin çox yönlü olduğunu göstərir. Bu sərgi üçün qara və ağ şəkillərin seçilməsi müəllif üçün həm estetik, həm də konseptual cəhətdən vacib məqam təşkil edir.

Zeyqəm Əzizov (Böyük Britaniya) 2010-cu ildə çəkdiyi "Neft ssenarisi" adlı film əsərini təqdim etməklə, məşhur fotoqraf Reza Deqatinin çəkdiyi bir fotoşəkilə şərh olaraq zaman və qeyb anlayışlarını araşdırır.

İlk “Fantazia” Festivalı Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri, xüsusilə də Fransa, Almaniya, Macarıstan, Hollandiya, Polşa dəstəyilə keçirilir və Bakıda mədəni irsin qorunmasının vacibliyini vurğulamağa xidmət edir. Təşkilatı dəstək “United Cultures”-a mənsubdur. Festival 1-10 noyabr tarixlərində keçirilir ki, bu çərçivədə beynəlxalq və yerli tanınmış mütəxəssislərin iştirakı ilə konsertlər, bələdçi turlar, seminarlar, film nümayişləri, sərgilər, incəsənət layihələri, müsabiqələr və müzakirələr daxil olmaqla müxtəlif tədbirlər təqvimi təqdim edilir.

Rəsmi tərəfdaşlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm İdarəsi Memarlar İttifaqı, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Yarat Müasir İncəsənət Məkan, elmi tərəfdaşlar isə Venesiyada yerləşən Ca 'Foscari Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetidir.

Keçidlər