Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamal Parkında sakinlərlə görüş keçirildi

25 oktyabr 2018 | 11:00

Oktyabrın 25-də Yasamal rayon icra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, Yeni Yasamal yaşayış massivində yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak etdi.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Əziz Əzizov dövlət başçısının tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və ya yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün yüksək standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər görüldüyünü bildirdi. Nəticədə Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da aparılan abadlıq-quruculuq işləri bu rayonu paytaxtın ən gözəl məkanlarından birinə çevirildiyini qeyd etdi.

Qeyd edək ki, son bir neçə ay ərzində rayonda həyata keçirilən abadlıq işləri sırasında Yeni Yasamal yaşayış massivində yeləşən istirahət parkının yenidənqurulması işləri də mühüm əhəmiyyət daşıyır. Görülən işlər çərçivəsində uzun müddət baxımsız vəziyyətdə olan istirahət parkı əsaslı şəkildə yenidən qurulub. 1,7 hektar ərazidə abadlıq işləri aparılıb. Parkın yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənib və yaşıllıq zonası salınıb. Bundan başqa parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, geniş gəzinti meydançaları yaradlıb. Parkın mühafizəsini təşkil etmək üçün ərazi dekorativ hasara alınıb. Sakinlərin asudə vaxtının səmərəli keçirilməsi, istirahətləri üçün seyrangahlar və oturacaq quraşdırılıb. Parkda sakinlərin idmanla məşğul olmaları üçün qurğular, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün iaşə obyektləri də tikilib. Parkda çoxlu sayda dekorativ ağac, kol, gül bitkilərindən istifadə edərək müasir yaşıllıq və gül kompozisiyaları yaradılıb.

Əziz Əzizov həmçinin bildirdi ki, Yeni Yasamal istirahət parkının ətrafında yerləşən bütün yaşayış binalarının fasadları da əsaslı şəkildə yenidən qurulub, müasir üslubda üzlənib və rənglənib. Müxtəlif təyinatlı kiçik həcmli ticarət və xidmət obyektlərinin xarici görünüşünün yenilənməsi işləri də aparılıb.

Çıxışının sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramlarının icrası nəticəsində paytaxt Bakının görkəmi dəyişir və bütün işlər yüksək keyfiyyətlə aparılır. Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yerləşən istirahət parkının yenidən qurulması da paytaxtımızın simasına yeni görkəm verərək, əhalinin istirahəti üçün sevimli məkanlardan olacaq.

Sonra görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırığı ilə rayon icra hakimiyyətlərinin ay ərzində 4 dəfə sakinlərlə səyyar qəbul-görüşlər keçirdiyini diqqətə çatdırdı: “Bu görüşlərin əsas məqsədi məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olması, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmasından ibarətdir”. T.Tağıyev həmçinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərini, habelə insanların rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi.

Səyyar qəbul-görüşdə iştirak edən Yeni Yasamal yaşayış massivinin sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, istirahət parkının yenidənqurulmasına görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Rayon sakinləri asfalt örtüyünün vurulması, istilik xəttinin təmiri və digər sosial problemlərlə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər