Şriftin ölçüsü :

Saytın rəngi :

Qəlblərdə yaşayan Hüseyn Cavid

24 oktyabr 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü Yasamal rayonunun mərkəzində, ədibin adını daşıyan parkda keçirildi.

Əvvəlcə Hüseyn Cavidin abidəsi önünə əklillər və tər güllər qoyularaq xatirəsi ehtiramla anıldı.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov böyük şair Hüseyn Cavidin əsərlərinin əhəmiyyətindən bəhs etdi. Vurğuladı ki, ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib. Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130 və 135 illiyi dövlət səviyyəsində keçirilib. Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.

YAP Yasamal rayon təşkilatının sədri, Cavid ocağının yaxınlarından biri olan Tağı Əhmədov qeyd etdi ki, Şərqin qapısı sayılan Naxçıvanda bu gün ağ işıq kimi ətrafa nur səpən bir məqbərə var - Cavidlər məqbərəsi! Bu müqəddəs torpağın sakinləri də, oraya gələn qonaqlar da həmişə üç ünvanı ziyarət etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Mömünə Xatun türbəsi və Cavidlər məqbərəsi! Sovet quruluşunun həyata keçirdiyi repressiyalar nəticəsində bir-birindən ayrı düşən, fələyin yazdığı ağrı-acıya tuş gələn, uzun illər həsrət içində çırpınan Cavidlər məhz bu məqbərədə bir-birinə qovuşaraq rahatlıq tapdılar."Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından danışaraq, onun zəngin ədəbi irsinin ədəbiyyatımıza dəyərli töhfə olduğunu söylədi.

Böyük sənətkarın, Cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini yüksək dəyərləndirən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şairin əsərlərində tolerant düşüncənin geniş yer tutduğunu diqqətə çatdırdı. Vurğulandı ki, Hüseyn Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq idi.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qeyd etdi ki, Cavidin əsərlərinə tükənməz maraq olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır.

Tədbir Respublikanın Xalq artisti Mələkxanım Əyyubovanın və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı ilə başa çatdı.

Keçidlər