Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş

17 oktyabr 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İdeal” şadlıq sarayında böyük təntənə ilə rayon ümumtəhsil məktəblərindən ali məktəblərə yüksək bal toplamış tələbələrlə görüş və Dövlət Müstəqilliyimizin 27-ci ildönümü münasibətilə tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yasamal rayonundan seçilmiş millət vəkilləri Ülvi Quliyev və Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ümumtəhsil məktəblərinin, ali və orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin direktorları və müəllimləri, qocaman müəllimlər , ziyalılar, rayon ictimaiyyəti iştirak etdilər.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilməsinə görə ölkə başçısına öz minnətdarlığını bildirdi. 2017/2018-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 1859 buraxılış məzunlarından 21 nəfəri qızıl medal, 1 nəfəri isə gümüş medal almaqla 1442 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 78%-ni təşkil edir. Bunun böyük nailiyyət olduğunu bildirən Rayon İcra Hakimiyyətinin Başçısı 2018/2019-cu tədris ilində daha da yüksək nəticələr gözlədiyini və yüksək nəticələr göstərmiş təhsil müəssisələrinin digərlərinə örnək olacağını vurğuladı. Bildirdi ki, 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ali məktəblərə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb və sevindirici haldır ki, bunların 6 nəfəri Yasamal rayon məktəblərinin yetirmələridirlər. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təhsil işçilərinin “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilmişlər. Onlardan 6-ı Yasamal rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərdir. Bu nailiyyətlər rayonda təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələri kimi qiymətləndirilir.

Əziz Əzizov ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi və dönməz etməsindən və 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlardan da söz açdı. Diqqətə çatdırdı ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımızın təməlində məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi..

Çıxış edənlərdən Milli Məclisin deputatı Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və digərləri qeyd etdilər ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər.

2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələrinin ifasında Müstəqilliyimizin 27-ci ildönümünə həsr olunan maraqlı kompozisiyalar hamının ürəyincə oldu.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak etdiklərinə, gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətlərinə və təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçiləri Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər, eləcə də ali məktəblərə yüksək bal toplayan 39 şagirdə rayon İcra Hakimiyyəti başçısı adından “ Samsung” markalı mobil telefonlar hədiyyə olundu.

Keçidlər