Şriftin ölçüsü :

Saytın rəngi :

“Kosmik sənayenin inkişafı dövlətimizin növbəti uğurudur” mövzusunda tədbir keçirildi

10 oktyabr 2018 | 11:00

Oktyabrın 10-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Azərspace 2” peykinin orbitə çıxarılması hadisəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə heyətinin sədri, İqtisadçı ekspert Vüqar Bayramov iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Azər Zeynalzadə açaraq Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlərin qeyri-neft sektorunun inkişafı demək olduğunu və kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafının stimullaşdırmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Nazilə Rəhimova öz çıxışında İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlməsindən danışdı.

Ceyhun Musaoğlu vurğuladı ki, Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir.Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. “Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk.

Geniş məruzə ilə çıxış edən Vüqar Bayramov bildirdi ki, Azərbaycanda bu gün bütün sahələrdə surətli inkişaf müşahidə edilməkdədir. Ölkəmiz innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr məkanı kimi də nüfuz qazanmaqdadır. Bu gün Azərbaycan iqtisadiyyatında rabitə və informasiya texnologiyaları ən inkişaf etmiş sahələrdən birinə çevrilib. Telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması ölkəmizin regionda informasiyanın ötürülməsi sahəsində də lider dövlətə çevrilib. Azərbaycanda aerokosmik sənaye yaradılıb. Bu sahənin inkişafı 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamından sonra başlayıb. 2010-cu ildə isə dövlət başçısı "Azərkosmos" Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzalayıb və Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verib. Beləliklə, "Azərkosmos" Azərbaycanda və Qafqazda ilk peyk operatoru kimi fəaliyyət göstərir.

Sonda “Azərspace 2 peykinin orbitə çıxarılması dövlətimizin növbəti uğurudur” adlı videoçarx nümayiş olundu.

Keçidlər