Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Qara Qarayevin ev-muzeyi açıldı

01 oktyabr 2018 | 11:00

Dahi bəstəkar Qara Qarayevin Yasamal rayonu Nizami küçəsində yerləşən ev- muzeyinin açılış mərasimi oldu. Tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev-muzeyinin açılması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu gün Qara Qarayevin ev-muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu il Qara Qarayevin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Məşhur bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yaradıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını burada atıb: “Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara Qarayev çox təvazökar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.

Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırdı: “Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə yaratdığı “Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.

Sonra Qara Qarayevin ev muzeyinin açılışı oldu. Bəstəkarın qızı Züleyxa Qarayeva mərasim iştirakçılarını ev-muzeyi ilə tanış etdi.

Tədbirdə, həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olundu. Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verdi.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məharətindən, Azərbaycan musiqi sənətinə bəxş etdiyi əvəzsiz musiqi əsərlərindən danışdılar.

Mərasimdə, həmçinin Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülmüş dahi bəstəkarın oğlu Fərəc Qarayevə yüksək fəxri adın vəsiqəsini və döş nişanını təqdim etdi.

Keçidlər