Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon sakinləri Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşlərinə daha çox maraq göstərməyə başlayıblar

13 sentyabr 2018 | 11:00

Sentyabrın 13-də Yasamal rayon icra hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində Bakıxanov küçəsi, 2 nömrəli yaşayış binasının sakinləri ilə səyyar qəbul-görüşü keçirildi. Rayon sakinləri bu qəbullarda qaldırılan çoxsaylı cari məsələlərin operativ həllinin şahidi olduqlarına görə Yasamal rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşlərinə daha çox maraq göstərdiklərindən bu dəfəki qəbulda rayonun müxtəlif ərazilərindən də sakinlər iştirak edirdilər. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və sakinlər iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən bütün ölkə ərazisində, o cümlədən 2018-ci ilin əvvəlindən başlayaraq həyata keçirilən iri miqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları və cari işlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsində xidmətləri, ölkə rəhbərliyinin daxili və xarici siyasətinin əhali, əmək kollektivləri, xüsusən yeniyetymə gənclər arasında təbliğinin əhəmiyyəti barədə sakinlərə geniş məlumat verdi.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsi Yasamal rayonunda uğurla həyata keçirilir və bu tədbirlər mütəmadi davam etdiriləcəkdir. Belə ki, son bir neçə ay ərzində rayon ərazisində 20 yeni abad məhəllə salınması istiqamətində geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Artıq Hüseyn Cavid prospekti 87 A, Yeni Yasamal yaşayış massivində Əhməd Cəmil küçəsi 70, Dadaş Bünyadzadə küçəsi 14, Əsəd Əhmədov küçəsi 3 və 5 , Xarici Dairəvi yol 11 nömrəli yaşayış evlərinin ətrafında “Abad məhəllə” layihələri uğurla başa çatdırılıb. Ümumilikdə Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfalt örtüklərinin vurulması işləri aparılmışdır. Hal-hazırda xeyli müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş Yeni Yasamal parkında təsdiq olunmuş layihəyə uyğun olaraq ən müasir tələblərə cavab verən istirahət məkanının yaradılması, Məhəmməd Xiyabani, Dadaş Bünyadzadə küçələrində və “A” keçidində abadlıq-quruculuq işləri davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında qeyd etdi ki, həyata keçirilən abadlıq-quruculuq işlərində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarətdir.
Səyyar qəbul-görüşdə iştirak edən sakinlər son illər ərzində ölkədə, cari ilin əvvəlindən yaşadıqları ərazidə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Bakıxanov küçəsi, 2 nömrəli yaşayış binasının sakinləri yaxınlıqdakı İzmir parkında sanitar-gigiyena tədbirlərinin həyata keçirilməsi, 60 nömrəli məktəbdə oxuyan şagirdlərin təhlükəsliyini təmin etmək məqsədi ilə keçidin inşası, eyvanların qəzalı vəziyyətdə olması ilə əlaqədar tədbirlərin görülməsi, digər ərazilərdə yaşayan sakinlər Mirzə Ağa Əliyev küçəsində qəzalı vəziyyətdə olan 150 nömrəli yaşayış binasında yaşayan sakinlərin köçürülməsi, İzmir küçəsi, 5 Anömrəli yaşayış binasının ətrafında aparılan tikinti işləri, yaşıllıqlar və digər sosial problemlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək onların və digər cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər