Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirildi

11 sentyabr 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirildi. Seminar-müşavirədə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatı, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, dini komissiyaların üzvləri, imamlar, icra nümayəndələri, bələdiyyə sədri, rayon Ağsaqqallar Şurasının üzvləri, tam orta, orta ixtisas məktəblərinin direktorları, ali məktəblərin prorektorları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonda mövcud dini durum haqqında məlumat verərək respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs etdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilmiş tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin sayəsində respublikamızda bütün dini konfessiyaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışdı. Qeyd etdi ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.Eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirdi ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək. Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. “Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”,- deyə komitə sədri vurğuladı.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək dinə dövlət qayğısından, dövlət-din münasibətlərindən danışdı. O bildirdi ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daim dini sahəyə, inanclı insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir: “Ölkəmizdə bütün vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İslam dininin, dini adət və mərasimlərin olduğu kimi insanlara çatdırılması maarifləndirmə tədbirlərinin əsas qayəsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir və davam etdirilməlidir”.

“Təzə Pir” məscidinin imamı Hacı Məmməd Quliyev, “Vəhdət” dini icmasının sədri Hacı Xanmirzə Bağırov dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı davamlı dəstək göstərməsini, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsini dövlətin dinə qayğısı kimi qiymətləndirdilər. Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət etdiyini vurğuladılar.

Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi vurğulandı.

Keçidlər