Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Cavid parkında fləşmob keçirildi

07 avqust 2018 | 11:00

Avqustun 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasına və 12 avqust “Xəzər günü”nə həsr olunmuş fləşmob keçirildi. Sosial aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Ekosfera” İctimai Birliyinin, “EcoBaku” Ekologiya Klubunun nümayəndələri, ictimaiyyət təmsilçiləri və eyni zamanda, xarici qonaqlar iştirak etdilər.

Ekoloji fləşmobun keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq, əhalini maarifləndirmək və bu işə ictimaiyyəti cəlb etməklə hər kəsi ətraf mühitin qorunmasında töhfə verməyə çağırmaqdır.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi ki, məlum olduğu kimi plastik qab və kütlələr ətraf mühit və ekologiyanın ən problemli sahələrindən biridir. Ötən əsrin ortalarında, təxminən 60-cı illərdə ümumilikdə əgər 1 faiz plastik qablardan istifadə olunurdusa, hazırda bu rəqəm 12 faiz təşkil edir. Bu da bəşəriyyəti narahat edən məsələlərdən biridir. Bu günlərdə respublikamızda günəşli günlərin sayının çox olduğuna görə plastik qablarda saxlanılan suyun tərkibində müəyyən müddətdən sonra dəyişikliklər baş verir. Bu da insan sağlamlığına böyük ziyan vurur. Ümumiyyətlə dünyanın təxminən 40 ölkəsində plastik qabların istifadəsindən kütləvi şəkildə imtina edilib. Bizim də əsas məqsədimiz bu istiqamətdə təbliğatı gücləndirmək və plastik qablardan istifadə sayını azaltmaqdır. Bundan əlavə, plastik qabların Xəzər dənizinə atılması da oradakı canlılar üçün böyük fəlakətlərə səbəb olur.

Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən plastik tullantıların ətraf mühitə təsirinin azaldılması, tədricən bu məhsullardan istifadənin məhdudlaşdırılması məqsədilə davamlı olaraq maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri aparılır. Plastik tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi üçün nazirliyin təşəbbüsü ilə artıq Bakı, Sumqayıt, Gəncə, Şabran, Lənkəran və Mingəçevir şəhərlərində xüsusi konteynerlər yerləşdirilib.

Keçidlər