Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir

13 iyul 2018 | 11:00

İyulun 13-də Yasamal rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclası giriş sözü ilə açıq elan edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, iyulun 8-dəı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclası keçirilmiş və iclasda cənab İlham Əliyev giriş və yekun nitqləri ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda qeyd etmişdir ki, ilin 6 ayında qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bilmiş, həm iqtisadi, həm də beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.

2018-ci ilin birinci yarısının göstəriciləri də əvvəlki illərdə və bu il aparılan islahatların müsbət nəticələrindən xəbər verir.

Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı ölkə rəhbərliyinin siyasətinə çox böyük dəstək verir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qürur hissi ilə bildirmişdir ki, bütün ölkədə olduğu kimi Yasamal rayonunda da seçicilərin mütləq əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz səslərini vermişlər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda məruzə ilə çıxış edərək bildirmişdir ki, 2018-ci ilin birinci yarısında respublikanın ümumi inkişaf tempinə uyğun olaraq Yasamal rayonunun da iqtisadi göstəricilərində artım qeydə alınmış, rayon sakinlərinin sosial problemlərinin həlli istiqamətində səmərəli və təsirli tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri hesab edir. Yarım ildə Yasamal rayon Məşğulluq Mərkəzinə müraciət edən 2027 nəfər işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, onlardan 1056 nəfər “Ərazi Məşğulluq Proqramı”na əsasən daimi işlə təmin edilmişdir. İşsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 67 nəfərə işsizlik statusu verilmiş, 75 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunaraq ödənilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlərin daha böyük həcmdə və daha geniş surətdə həyata keçirilməsinə start verilmişdir. 17 məhəllədə - Həsən bəy Zərdabi 68, Şərifzadə 134, 148, 192, Şahbazi 104 və 104 A, Əsəd Əhmədov 3 və 5, Yeni Yasamal-1, 3 və 4, 7 və 8, Talıblı 28, Şərifzadə 154 və 156, Məmməd Rahim 20, Hüseyn Cavid prospekti 503/505, 518 və 577-ci məhəllələrdə 4 abad həyətin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilmişdir.

Tağı Şahbazi küçəsi, 104 və 104 A nömrəli evlərin əhatəsindəki ərazidə, Talıblı küçəsi 28 və Şərifzadə küçəsi 192 nömrəli yaşayış binalarının ətrafında, Məmməd Rahim küçəsi 20 nömrəli yaşayış binasının qarşısında və H.Cavid prospekti, 577-ci məhəllədə 4 həyətdə abadlıq işləri artıq başa çatdırılaraq abad məhəllələr sakinlərin istifadəsinə verilmişdir.

Rayonun mənzil fondunun qorunub-saxlanılması istiqamətində işlər davam etdirilmiş, Yeni Yasamal-2 yaşayış sahəsində 5 ədəd 9 mərtəbəli yaşayış binasının fasadının təmirinə, Əsəd Əhmədov küçəsi 3, 5, 3/8, D.Bünyadzadə 14, Şərifzadə küçəsi 201, 203, Yeni Yasamal-2, 5, 6, 8, 9 nömrəli, Kənar Dairəvi küçədə “Gənc alim” Mənzil-Tikinti Kooperativinə, Xiyabani küçəsində “Aran” Mənzil-Tikinti Kooperativinə, “Zaman-4” Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış evləri kooperativlərin balansında olmasına baxmayaraq onların fasadında təmir və yenidənqurma işləri görülmüşdür. Ümumilikdə yarım il ərzində 28 yaşayış binasının fasadında təmir işləri aparılmışdır.

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanmışdır.

Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq A.M.Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanmışdır.

Yeni Yasamal yaşayış massivində istirahət parkının əsaslı şəkildə yenidən qurulması işlərinin xeyli hissəsi artıq başa çatdırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı işlər davam etdirilmişdir. Yarım ildə “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 2 yaşayış binası - may ayının 7-də Şərifzadə küçəsində 86 nömrəli, iyunun 15-də Akim Abbasov küçəsi 3 nömrəli binalar sakinlərin istifadəsinə verilmişdir. “Kristal-Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən Şərifzadə küçəsi 122 nömrəli evin, “Ehtibar İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şərifzadə küçəsi 86 və Akim Abbasov küçəsi 3 nömrəli evlərin, “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İsfəndiyar Zülalov küçəsi 19 və Şərifzadə küçəsi 33 nömrəli evlərin, “De-Luks” Mənzil Tikinti Kooperativi tərəfindən Naxçıvani küçəsi 25 nömrəli evin, “ELİTE CİTY” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Süleyman Dadaşov küçəsi 568-ci məhəllədəki evlərin, “SKY RESİDENCE” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şərifzadə küçəsi 162 nömrəli evin və “Qismət-M Construction” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şərifzadə küçəsi 174 nömrəli evin tikinti işləri müvəffəqiyyətlə davam etdirilir. “ELİTE CİTY” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 568-ci məhəllədə Zahid Xəlilov küçəsi 30 A nömrəli binanın sakinlərinin köçürülməsi başa çatdırılmış və bina sökülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi iri miqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatmışdır. 2018-ci ilin birinci yarısında 303 ünvan üzrə yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilmiş və sənədlər alqı-satqı əməliyyatlarına təqdim olunmuşdur. 122 daşınmaz əmlak sahibləri ilə alqı-satqı həyata keçirilərək vəsait ödənilmişdir. Razılaşma əldə olunması mümkün olmayan 22 nəfər mənzil sahiblərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində hal-hazırda ən aktual məsələlərdən biri olan körpələr evi-uşaq bağçalarındakı sıxlığın aradan qaldırılması istiqamətində işlərə başlanılmışdır. Bu problemin həlli ilə əlaqədar bütün Pilot layihələrdə uşaq bağçalarının tikintisi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həllinə dair tapşırıqları və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri, Yasamal rayon Sukanal İdarəsi və qaz təsərrüfatı müəssisəsi tərəfindən əhalinin təminatı ilə əlaqədar məsələlərə diqqət və qayğı ilə yanaşılması əsasən təmin olunmuşdur.

Rayon ərazisində 141 yaşayış binasının istiliklə təmin olunması istiqamətində işlərin sürətləndirilməsi üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 2432 saylı 11 noyabr 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar D.Bünyadzadə küçəsi boyunca 2000 metrə yaxın kanalizasiya kollektorunun tikinti işləri yekunlaşmış, Şəfaət Mehdiyev küçəsində kanalizasiya-su şəbəkəsi və küçə əsaslı surətdə təmir olunmuşdur. Bundan əlavə, M.Xiyabani, D.Bünyadzadə, A keçidində, ümumiyyətlə, Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfaltlaşdırma işləri aparılmışdır.

Hesabat dövründə müxtəlif tarixi və əlamətdar günlərlə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.

Son dövrlərdə cərəyan edən ictimai-siyasi proseslərin aktuallığı, Azərbaycan gənclərinin cəmiyyətimizdəki mühüm rolu nəzərə alınaraq Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisindəki ali və orta-ixtisas təhsil müəssisələri ilə birgə tədbirlərin təşkilində yeni bir mərhələyə başlanılmışdır. Eyni zamanda rayon İcra Hakimiyyəti, universitet və kolleclər tərəfindən həyata keçirilən tədbirlərdə qarşılıqlı olaraq daha yaxından iştirak edilir.

2018-ci ildən başlanaraq paytaxt sakinlərini narahat edən daha bir məsələnin həlli istiqamətində işlərə başlanılıb. Bakı şəhər Təhsil İdarəsi rəhbərliyinin müraciətinə əsasən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən tam orta məktəblərin birinci siniflərinə qəbul üzrə ünvanların müəyyən olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci il martın 15-dən 18-dək «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən rayonun Heydər Əliyev Mərkəzinə Yasamal rayonunda fəaliyyət göstərən kollec tələbələrinin və tam orta məktəb şagirdlərinin təsdiq edilmiş qrafikə uyğun olaraq kütləvi ekskursiyaları yarım ildə də davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il də fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi tədbirlərinə başlanılmışdır, müəyyən olunmuş müddət ərzində icbari tibbi müayinə tədbirləri rayonun səhiyyə müəssisələri tərəfindən yüksək keyfiyyətlə başa çatdırılmışdır.

2018-ci ilin birinci yarısında rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan 1704, 2017-ci ilin müvafiq dövründə 1703 müraciət daxil olmuşdur. Cari ildə yuxarı dövlət və mərkəzi icra hakimiyyəti orqanlarından 965, 2017-ci ilin müvafiq dövründə 954 müraciət daxil olmuşdur. Lakin 2017-ci ildə nəzarətlə 87 müraciət göndərildiyi halda bu il nəzarətlə göndərilən müraciətlərin sayı cəmi 44 olmuşdur. Rayon İcra Hakimiyyəti Başçısının cari ilin birinci yarısında rayon sakinləri ilə 19 səyyar qəbulu keçirilmişdir, bu qəbullarda 3700 nəfərdən çox rayon sakini iştirak etmiş, 1292 nəfər rayon sakini müxtəlif məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər, müraciətlərin, demək olar ki, 80-90 faizi öz müsbət həllini tapmışdır.

İclasda Yasamal rayon Su-kanal idarəsinin rəisi İlqar Abdullayev çıxış edərək rayonun su təchizatə və kanalizasiya xidməti sahəsində həyata keçirilən işlər, əhalinin fasiləsiz su təxhizatı məsələlərinin müsbət həlli istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinin müdiri Xalis Həsənov öz çıxışında əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təmin olunması sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat vermişdir. Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Rüfət Əhmədov rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq, rayon ərazxisinin gigiyena-epidemioloji normaların tələblərinə uyğun saxlanılması və qanunsuz tikililərə qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat vermiş və maarifləndirici profilaktik tədbirlərin əhəmiyyətini vurğulamışdır. İclasın sonunda Yasamal rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın Qərarı yekdilliklə qəbul olunmuşdur.

 

Keçidlər