Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salındılar

04 iyul 2018 | 11:00

Azərbaycan xalqının qəhrəman övladı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilən yolasalma mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başladı.

İştirakçılar abidənin önünə əklil və gül dəstələri qoydular.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbirdə çıxış edərək hərbi xidmətə yola salınan gəncləri təbrik edərək bildirdi ki, hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inkişaf etdikcə, ordumuzun da qüdrəti artır. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad da ordumuzun gücünün və qüdrətinin daha bir nümayişi oldu.Dövlət müstəqilliyinin qorunmasında, gənclərin şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminində Azərbaycan ordusunun müstəsna xidmətlərindən danışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov qeyd etdi ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nizamlı, güclü və qüdrətli ordumuz var. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzuladı.Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə uğurlar arzuladı.

Digər çıxış edənlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, ordu quruculuğu sahəsində görülən işlərin torpaqlarımızın işğaldan azad olunmasına yönəldilməsindən söz açdılar. Qeyd etdilər ki, Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir.

Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduqlarını bildirib, çağırışçı gənclərə Vətənə layiqli əsgər olmağı tövsiyə etdilər.

Gənclər çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.

Yola salınan gənclər Azərbaycan bayrağını öpərək Vətənə sədaqət andı içdilər.

Keçidlər