Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Memarlıq və İnşaat Universitetində Məzun Günü

03 iyul 2018 | 11:00

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirildi. Universitetin Akt zalında düzənlənən mərasimdə dövlət qurumlarının, səfirliklərin nümayəndələri, millət vəkilləri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak etdi.

Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə etdi.O, qeyd etdi ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 43-cü təntənəli buraxılış gecəsinə toplaşmışıq. “Bu tədris ilində universiteti bakalavriat səviyyəsində 22 ixtisas üzrə 1130 nəfər, magistratura səviyyəsində 38 ixtisaslaşma üzrə 227 nəfər olmaqla cəmi 1357 gənc bitirir. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrdən 4, magistr tələbələrdən 16 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bakalavriat səviyyəsi üzrə məzunlardan 337 nəfər magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Sevindirici haldır ki, ilkin məlumatlara görə, onlardan 40 nəfəri xarici ölkələrin universitetlərinin magistr proqramlarına qəbul olunublar. Magistratura səviyyəsini bitirən gənclərdən 4-ü Tempus layihəsi çərçivəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə AzMİU ilə İspaniyanın Koruna Universitetinin ikili diplom proqramı ilə təhsil almışlar. Daha 4 magistr Tempus layihəsi çərçivəsində hazırlanmış “Enerji menecmenti” ixtisası üzrə təhsillərini tamamlamışlar”.

Məzunları təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onlara uğurlar arzuladı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycanın qocaman ali məktəblərindən biri olduğu, bu universitetin məzunlarının müxtəlif sahələrdə böyük uğurlar əldə etdikləri bildirdi. Hazırda Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını söyləyən rayon icra hakimiyyətinin başçısı bu yolda Prezident İlham Əliyevin əvəzsiz rolunu qeyd etdi.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Sevinc Fətəliyeva, Hikmət Məmmədov məzunları təbrik edərək, onlara gələcəkdə universitetin adını layiqincə təmsil etməyi tövsiyə etdilər. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdırdılar.

Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara rektorun təbrik məktubu oxunub, universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edildi.

Tədbir AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında bədii hissə ilə davam etdi.

Keçidlər