Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Texniki Universitetində “Məzun günü” keçirildi

22 iyun 2018 | 11:00

İyun ayının 22-də Azərbaycan Texniki Universitetində məzun günü keçirildi. Tələbələrinin “Məzun Günü” ndə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Bakı Metropoliteni QSC-nin Tədris Mərkəzinin rəisi Fuad Tağızadə və Bakı Dövlət Universiteti rektorunun müşaviri İsmayıl Əliyev  iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, cari tədris ilində universitetdə 2.178 məzun olub ki, onlardan 1.785-i bakalavr, 240-ı magistrant, 140 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 13-ü xarici ölkə vətəndaşıdır. Xalıq Yahudov qeyd etdi ki, bu ilki məzunlardan 16 bakalavr və 34 magistrant universiteti fərqlənmə ilə bitirib.Professor Xalıq Yahudov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söylədi. O, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2018-ci ili uğurlu il adlandırdı. O, bu ilin aprel ayında Azərbaycanda Prezident seçkilərinin böyük ruh yüksəkliyi ilə keçirildiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevuin anadan olmasının 95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun  yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirdi. O, bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırdı. Sonra Əziz Əzizov valideynləri, universitetin professor-müəllim heyətini, magistrant və tələbələri məzun günü münasibətilə təbrik etdi. Üzünü təhsillərini başa vuran gənclərə tutaraq onları  gələcək fəaliyyətlərində Azərbaycan Texniki Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırdı.

Sonra dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edildi.

Məzun adı alan tələbələr və onların valideynləri də öz növbələrində universitetdə yaradılmış şəraitə görə Azərbaycan Texniki Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Gənclər universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını qeyd etdilər.

Tədbir geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər