Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal istirahət Parkında “Diabetə birlikdə qalib gələk” adlı yürüş keçirilib

23 iyun 2018 | 11:00

Azərbaycan Diabet Liqası İctimai Birliyinin (ADL) və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Diabetə birlikdə qalib gələk” adlı yürüş keçirilib. Yasamal rayon istirahət parkında təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Diabet Liqası İctimai Birliyinin sədri Yeganə Sultanova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini ölkə tarixçiləri, təhsil işçiləri kimi, səhiyyə işçiləri də böyük məmnuniyyətlə qarşılayıblar. 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Cümhuriyyət demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb.

Sonra ADL-in sədri Yeganə Sultanova çıxışında bildirdi ki, diabet xəstəliyi haqqında məlumat verərək qeyd edib ki, hazırda dünyada 422 milyon diabet xəstəsi var və 2040-cı ildə onların sayı 642 milyona çata bilər. Azərbaycanda isə ötən il 212 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, diabetə tutulanların 47 faizi öz xəstəlikləri barədə xəbərsizdirlər. Dünyada 542 min uşaq birinci tip şəkərli diabetdən əziyyət çəkir.

Yeganə Sultanova həmçinin dünya ölkələrində həkim və tibb işçilərinin həmin qlobal problemin həlli yollarında apardıqları araşdırmalar və bu sahədə ölkəmizdə görülən tədbirlər barədə məlumat verib. Sağlam qidalanma və fiziki fəallıq nəticəsində diabetə yoluxmamağın mümkünlüyünü bildirən təşkilatın sədri son illər şəkərli diabet xəstələrinin həyat keyfiyyətinin yüksəldilməsi uğrunda bir çox layihə və tədbirlərin həyata keçirildiyini qeyd edib, “Diabetə yox deyək!” layihəsinin də onlardan biri olduğunu söyləyib.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək bildirib ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlətin təminatlı yardım tədbirləri mütəmadi olaraq həyata keçirilir, müayinə və müalicəsi təşkil olunur. Şəkərli diabet üzrə Dövlət Proqramı, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri, müayinə və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi, tibbi yardım və əmək hüquqları bu qanunla tənzimlənir.

Tədbir bədii proqramla davam etdirilib.

Keçidlər