Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdi Məmmədovun 100 illiyi qeyd olundu

22 may 2018 | 11:00

Mayın 22-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, xalq artisti, dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif  Məmmədov, xalq artisti, professor Ağakişi Kazımov, xalq artisti Hacı İsmayılov, xalq artisti, teatr və kino aktyoru, rejissor Ramiz Məlik, əməkdar incəsənət xadimi, professor, tənqidçi Aydın Talıbzadə, Mehdi Məmmədovun qardaşı oğlu Əsəd Məmmədov, xalq artistinin oğlu Vüqar Məmmədov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, KİV nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə Mərkəzin elmi işçisi Günel Həsənova açaraq teatrşünas alim və pedaqoq, xalq artisti, dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun həyat və fəaliyyəti haqqında, o cümlədən görkəmli rejissorun XX əsr Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafındakı misilsiz xidmətlərindən danışdı.
Tədbirdə çıxış edən dəyərli sənətkarlar, xalq artistləri zəngin elmi təfəkkürə malik olan Mehdi Məmmədovun milli teatrşünaslıq elminin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyətindən, quruluş verdiyi tamaşalardan, oynadığı rollardan ətraflı danışdılar. Qeyd etdilər ki, görkəmli alimin yazdığı və dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları bu gün də elmi dəyərlərini saxlamaqdadır. Həmçinin bildirdilər ki, görkəmli rejissor ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verib: “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və s. Bu tamaşaların hər biri Azərbaycan teatr tarixində parlaq səhifələr yazıb.
Tədbirdə Mehdi Məmmədovun rejissoru olduğu və aktyor kimi iştirak etdiyi “Canlı Meyit” filmindən fraqment təqdim olundu.
Sonda Mehdi Məmmədovun qardaşı oğlu Əsəd Məmmədov və oğlu Vüqar Məmmədov xalq artisti ilə bağlı xatirələrini bölüşdülər, professor Mehdi Məmmədovun 100 illik yubileyinin yüksək səviyyədə təşkilinə görə hər kəsə təşəkkür etdilər.

Keçidlər