Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Faiq Rzayevin doğum günü qeyd olundu

16 may 2018 | 11:00

Yasamal rayonu 150 nömrəli tam orta məktəb adını daşıdığı şəhid Faiq Rzayevin doğum gününü qeyd etdi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin məsul işçiləri, ümumtəhsil məktəblərin, orta ixtisas məktəblərin və ictimai təşkilatların rəhbərləri, 2016-cı ilin aprel döyüşlırində həlak olan şəhidlərin ailə üzvləri iştirak etdilər.

Əvvəlcə məktəbin girişində şəhidin büstü önünə gül dəstələri qoyuldu, sonra məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərginin nümayişi oldu. Məktəbin həyətində Bülbül adına məktəbin şagirdlərinin ifasında musiqili kompozisiya səsləndi.

Məktəbin akt zalında tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, sonra torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevda Əliyeva şəhidin qəhrəmanlığından söz açaraq bildirdi ki, Faiq Rzayev birinci Qarabağ savaşında, 25 il bundan öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə düşmənə qarşı qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə ucalan oğullarımızdan idi. Faiq Rzayevin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verdi.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qeyd etdi ki, Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə mühasirəyə düşsə də təslim olmayıblar. Onlar son damla qanlarına qədər düşmənlə vuruşub onun əsas qüvvələrini məhv ediblər. Sonda Faiq və bir-neçə döyüşçü dostu şəhidlik zirvəsinə yüksəliblər. Bu gün onun ruhu şaddır, çünki 2016-cı ilin aprel döyüşlərində rəşadətli Azərbaycan Ordusunun genişmiqyaslı hücumu nəticəsində vaxtilə Faiq Rzayevin kəşfiyyatçı kimi döyüşdüyü Cocuq Mərcanlı düşmən tapdağından azad oldu.Bildirdi ki, azərbaycan xalqı müharibə istəmir, bizim ordumuz öz torpağımızda döyüşür, bizim başqa dövlətin torpağında gözümüz yoxdur. Təravət Muradova tədbirdə iştirak edən şəhid analarına müraciət edərək onların qarşısında bütün azərbaycan xalqının baş əydiyini, onların övladlarıyla xalqımızın fəxr etdiyini bildirdi və vurğuladı ki, tez bir zamanda Ali Baş Komandan Cənab İlham Əliyevin səyi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olacaq, qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Faiq Rzayevin adını daşıyan məktəbdə musiqi kollektivləri klassik musiqidən parçalar, şagirdlərdən ibarət üçlük xalq mahnıları ifa etdilər.150 nömrəli tam orta məktəbin kollektivi hərbi-vətənpərvərlik mövzusunda bədii kompozisiyalar, kiçik səhnəciklər də nümayiş etdirdilər.

Sonda şəhidin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.

Keçidlər