Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı Bakı Baza Tibb Kollecində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir

10 may 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 saylı Bakı Baza Tibb Kollecində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə qonaqlar kollecin foyesində nümayiş olunan tələbələrin əl işləri ilə tanış oldular.

Tədbir iştirakçıları ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini salamladı,  Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs etdi. Vurğuladı ki, ümummilli lider Heydər Əliyev xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi naminə çox dəyərli xidmətlər göstərib. Azərbaycan dövləti məhz onun qətiyyəti və iradəsi sayəsində müstəqilliyə nail olub. Bütün sahələrdə, o cümlədən elmdə də inkişaf müşahidə olunur. Bu inkişafın göstəricilərindən biri gənclərin təhsilə marağının artmasıdır. Bu gün dünyanın istənilən guşəsində Heydər Əliyevdən söz düşəndə gözlərimiz qarşısında Azərbaycan canlanır, Azərbaycandan danışanda isə Heydər Əliyev şəxsiyyəti təsəvvürə gəlir.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin tarixində müstəsna yeri olduğunu qeyd etdi. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunmasında və xarici ölkələrlə əlaqələrin qurulmasında əsaslı dönüş yaranıb. Azərbaycanın ən yeni tarixinin 30 ildən artıq bir dövrü dövlət idarəçiliyində zəngin təcrübəsi olan əvəzsiz şəxsiyyət, görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin sovet siyasi sistemində hakimiyyətə gəlişi milli ideologiyanın və şüurun oyanmasına əvəzsiz töhfə verib. Məhz ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə müdrik rəhbərliyi nəticəsində Azərbaycan qısa müddətdə geridə qalmış aqrar ölkədən mühüm sənaye respublikasına çevrilib. Uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyev parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.

Sonra tələbələrin hazırladığı ədəbi-bədii  kompozisiya, musiqi və rəqs nömrələri nümayiş olundu.

Keçidlər