Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun final mərhələsində Yasamal rayon komandası II yer tutdu

10 may 2018 | 11:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifələrini icra edən, polkovnik Qadir Vəlişov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən, xalq və dövlət qarşısında misilsiz xidmətlərindən söz açdılar. Dövlətin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərindən birinin gənc nəslin tərbiyəsi və onda vətənpərvərlik duyğularının gücləndirməsi qeyd edildi.

Çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işinin gücləndirilməsindəki əhəmiyyətindən danışıb, yarışların məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını, onların hərbi-idman oyunlarına və oxşar tədbirlərə cəlb edilməsinin orduda xidmətə hazırlığa kömək edəcəyini söylədilər.

Sonra xüsusi təyinatlıların nümunəvi çıxışları oldu.

Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə apardılar.

Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanıldı. İkinci mərhələdə isə iştirakçılar darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəşaçma, fiziki hazırlıq, müxtəlif sədlərdən keçməklə maneələri dəf etmə, mülki müdafiə hazırlığı, çadırın qurulması və maskalanması bacarıqlarını göstərdilər.

Final turunun nəticələrinə əsasən fəxri kürsünün ilk üç pilləsində müvafiq olaraq Sumqayıt şəhərinin, Yasamal rayonunun və Quba rayonunun komandaları tutdular.

Qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Yarışlar Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təşkil edilmişdir.

Keçidlər