Şriftin ölçüsü :

Saytın rəngi :

Qədəmin dəyən yerdə səhralar da gül açır

07 may 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 nömrəli Bakı Tibb Kollecində ulu öndərin 95 illik yubileyi münasibətilə tədbir keçirildi. Kollecin həyəti əsl sərgi salonunu xatırladırdı. Burada kollec tələbələrinin əl işləri - rəsm əsərləri və güllərdən ibarət sərgi nümayiş olundu. Rəngarəng, al-əlvan gül rəsmləri bütün tamaşaçılarının zövqünü oxşayırdı. Tələbələr böyük həvəslə, biri-birindən gözəl əl işləri nümayiş etdirdilər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Nəriman Mövsümov ümummilli liderin misilsiz xidmətlərindən söz açdı. Bildirdi ki, dahi öndər dünyəvi, demokratik, açıq bir cəmiyyət qurmaqla Azərbaycanın dünyaya inteqrasiyasının əsasını qoyub. Ötən 15 il müddətində Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm nailiyyətlərə imza atmasını şərtləndirir. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilərək dövlətlər və xalqlar arasında körpü rolunu oynayır və ümumbəşəri proseslərə yeni-yeni töhfələr verir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kollecin kollektivi ilə növbəti görüşünün Ümummilli Liderin xatirəsinə həsr edilmiş tədbirdə keçirilməsindən məmnunluğunu bildirdi. O, ulu öndərin xalq, dövlət qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolundan danışdı. Qeyd etdi ki, tarix Heydər Əliyev kimi fenomeni Azərbaycan xalqına gələcəyimizin xoşbəxt təminatçısı kimi bəxş edib. Çünki hələ keçmiş Sovet İttifaqı dönəmində Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əsaslarını qoyub, rəhbər seçildiyi 1969-cu ildən bugünkü müstəqil Azərbaycanı qurmağa başlayıb. Bildirdi ki, dahi öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verib. Məhz həmin dövrdə respublikamızın imperiya tərkibində olmasına baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılıb. Hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas edib. Diqqətə çatdırdı ki, Ulu Öndərin siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində ölkədə yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirib, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaradıb.

Sonra kollecin tələbələrinin ifasında dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev, Vətən və xalq haqqında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar səsləndirildi.

Sonda rejissor Vaqif Mustafayevin Ulu Öndərə həsr etdiyi film nümayiş olundu.

 

Keçidlər