Şriftin ölçüsü :

Saytın rəngi :

Abbas Mirzə Şərifzadə küçəsində “Pilot layihə” çərçivəsində yenidən inşa edilən 86 nömrəli bina istifadəyə verildi

07 may 2018 | 11:00

Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 86 nömrəli bina sakinlərin istifadəsinə verildi. Yeni istifadəyə verilən binanın sakinləri qarşısında çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər Yasamal rayonunda uğurla davam etdirilir.

Əziz Əzizov qeyd etdi ki, Yasamal rayonunda “Pilot layihə” çərçivəsində 18 qəzalı binanın sökülərək, yerində yeni evlərin tikilməsi nəzərdə tutulub. Hazırda layihədə nəzərdə tutulan 9 binanın tikinti işləri davam etdirilir. “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin, xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşası planlaşdırılır. “Pilot layihə”yə görə həmin binalarda yaşayan sakinlər müvəqqəti olaraq başqa mənzillərə köçürülür, sahibkarlar tərəfindən mənzillər inşa olunduqdan sonra orada yaşayan əhali təqribən 15-20 faiz əlavə sahə ilə təmin edilirlər.

Əziz Əzizov bildirdi ki, bu gün burada Bakı şəhəri üzrə ikinci, Yasamal rayonu üzrə isə birinci “Pilot layihə”li binanın açılış mərasimi keçirilir. Belə ki, 1958-ci ildə Abbas Mirzə Şərifzadə küçəsində tikilmiş istismara yararsız 4 girişli 48 mənzildən ibarət qəzalı vəziyyətdə olan 86 nömrəli yaşayış binasının əvəzinə “Ehtibar İnşaat” MMC tikinti şirkəti tərəfindən 16 mərtəbəli, iki girişli, 180 mənzilli yeni, müasir yaşayış binası inşa edilərək sakinlərin istifadəsinə verilir. Bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 13186 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillər hər biri tam təmirlidir. Binada Koreya Respublikasından sifarişlə gətirilmiş sərnişin və yükdaşıma liftləri quraşdırılıb, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunub. Bundan əlavə, bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançasının salınması da nəzərdə tutulub.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışının sonunda ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Pilot layihə”nin dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.

Rəsmi hissədən sonra yeni binanın sakinlərinə mənzillərin açarları təqdim edildi, mənzillərə baxış keçirildi.

Sakinlər həyat tərzinin yaxşılaşdırılmasına, mənzil şəraitinin yüksək səviyyədə təminatına görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər