Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 95 illiyi qeyd olundu

27 aprel 2018 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Təravət Muradova bildirdi ki, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xalqımız qarşısında misilsiz xidmətləri olub. SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini Zərifə xanım Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır.

Təravət Muradova çıxışında bildirdi ki, sadəliyi və təvazökarlığı ilə nümunə olan, görkəmli ictimai xadim Zərifə xanım Əliyeva xeyirxah və nəcib bir insan kimi ölkəmizin hər bir bölgəsində insanlar arasında olub, onlara yardım etməyi özünün həyat amalı hesab edib. Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmış traxoma və bir sıra göz xəstəlikləri tam müalicə olunaraq demək olar ki, ölkəmizdə tamamilə aradan qaldırılıb. Daim ürəklərdə yaşayan Zərifə xanım Əliyeva baharın ən gözəl ayı olan apreldə dünyaya gəldiyi kimi, bu ayda da həyata gözünü yumub. Bu mənada onun əziz xatirəsi bu günədək ölkəmizin bütün bölgələrində minnətdarlıqla yad edilir və ona sonsuz ehtiramlar bildirilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Nübar Həşimova öz məruzəsində bildirib ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, ulu öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaq.

Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, AMEA-nın Fəlsəfə İnstitutunun Politologiya və Siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Yasamal rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərova öz çıxışlarında görkəmli oftalmoloqu peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi yüksək dəyərləndirdilər.

Sonda 22 saylı uşaq musiqi məktəbinin şagirdləri tərəfindən musiqili kompozisiya təqdim olundu.

Keçidlər