Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda mart soyqırımı qurbanları anıldı

30 mart 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirildi.

Öncə Heydər Əliyev Mərkəzinin foyesində 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi keçirildi.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbir 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Sonra Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini, pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova çıxış edərək xalqımıza qarşı törədilmiş soyqırımının tarixi, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verdi. Təravət Muradova bildirdi ki, erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və işğalın ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.

Tarixi faktlarla soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən dəstəkdən danışan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev qeyd etdi ki, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşür.

Sonra Yasamal rayonu 31 saylı tam orta məktəbin tarix müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova tarixi faktlarla geniş çıxış edərək öz məruzəsində 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın tarixi əhəmiyyətini vurğuladı, bu sənədin xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığını diqqətə çatdırdı.

Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film göstərildi, həmçinin 31 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii kompozisiya nümayiş olundu.

Keçidlər