Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirildi

15 mart 2018 | 11:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsi rayonun M.Müşfiq adına 18 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyəti-nin 100 illiyi münasibəti ilə tədbir keçirdi. Bayram mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, həmçinin müəllim və şagirdlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova vurğuladı ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir.

Bayram mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Ramin Hacıyev dedi: “Xalqımız öz tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü kimi Azərbaycanın dünya birliyində layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməklə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi.Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: ”Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə -XIX əsrin sonu XX əsrin əvvəllərində milli azadlıq və müstəqillik arzusu ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu”.

Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi nüfuzunu və iqtisadi qüdrətini daha da artırır. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti bu gün artıq öz istiqlaliyyətini qoruyub saxlayır, həm də onu daha da möhkəmləndirib və dünyanın ən önəmli ölkələrindən birinə çevirib.

Bayram tədbirində Qarabağ Müharibəsi və Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edərək bir qrup şəxsə “Vətən naminə” medallarını təqdim etdi. Məktəbin direktoru Rəna Süleymanova tədbirin təşkilində fəal iştirakına görə SHXÇDX-nin Yasamal rayon idarə rəisi tərəfindən fəxri fərmanla təltif olundu.

Sonda məktəb şagirdlərinin ifasında Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan ədəbi-bədii kompozisiya rəğbətlə qarşılandı.

Keçidlər