Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Novruz Bayramı təntənəli qeyd olundu

16 mart 2018 | 11:00

Yasamal istirahət parkında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi. Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak etdilər.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub. Əziz Əzizov xüsusi olaraq vurğuladı ki, bu bayramın dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə təbii ki, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri hər zaman Novruz bayramının tarixi və milli ənənələrimizə uyğun şəkildə bayram edilməsinə böyük önəm vermiş və bu gün də ulu öndərimizdən miras qalmış bu gözəl ənənə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir tərəfində milli idman növləri üzrə yarışan pəhləvanlar, digər tərəfdə isə yazın gəlişini müjdələyərək əlində yaşıl səməni tutan çərşənbə qızları, xüsusi zövqlə bəzədilmiş rəngarəng Novruz xonçaları, uzaqdan belə ətiri ilə insanı məst edən, dadından, təamından doyulmayan bölgələrimizin milli mətbəx nümunələri, əsil kənd ab-havası yaradan Lənkəran samovar çayı, hər kəsin gözünü oxşayan duluzçuluq, misgərlik sənət əsərləri, şən və maraqlı konsert proqramı ilə çıxış edən incəsənət ustaları şəhərimizin ən gözəl və yaraşıqlı istirahət məkanlarından olan Yasamal İstirahət Parkını bayram ovqatı ilə bəzəmişdi.

Əvvəlcə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırıldı. Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması tədbir iştirakçılarında xoş ovqat yaratdı. Bahar qızı qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşıladı. Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Kəndirbazların çıxışları, milli idman növlərinin nümayişi, Azərbaycanın bölgələrini əhatə edən milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri, milli geyimli oğlan və qızların rəqsi və respublikanın tanınmış müğənnilərinin bir-birindən maraqlı ifaları, həmçinin ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, taxtaoyma sənəti nümunələrinin sərgisi xüsusi rəğbətlə qarşılandı. Üzümüzə gələn bu yeni ildə bütün dünyaya əmin-amanlıq gəlməsi diləyilə sülh quşu rəmzi olan Göyərçinlər mavi səmaya buraxıldı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və 4 saylı İnkişaf Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq təqdim edilən konsert proqramı şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı.

Bayram şənliyində tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dadaraq, közlənmiş samovar çayından içərək, həmçinin şən musiqi sədaları altında milli idman növlərini izləyərək, kosa-keçəl ilə maraqlı söhbətlər apararaq baharın gəlişini əsil bayram kimi qeyd etdilər.

Keçidlər