Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan şəhərinə yola salındılar

15 mart 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15-18 mart 2018-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Martın 15-də tur-aksiyada iştirak edən məktəblilər, onların valideynləri, müəllimləri, Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşaraq məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfərə yola saldılar. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikasına səyahətdə Yasamal rayonunun məktəblərinin IX-XI siniflərində təhsil alan 27 şagirdi iştirak edir. Məktəblilər 3 gün ərzində Naxçıvanın tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya Yasamal məktəbliləri tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.

Məktəblilər və valideynlər layihənin əhəmiyyətindən danışaraq bildirdilər ki, “Ölkəmizi tanıyaq” devizi ilə reallaşdırılan maarifləndirici tur-aksiya gənclərin yaddaşında silinməz izlər buraxacaq. Məktəblilər tarixi yerləri görəcək, onlar haqqında məlumatlar əldə edəcək. Bu layihə çərçivəsində ölkəmizdə gedən inkişaf proseslərinin əyani şahidi olacaqlar. Bu şəraiti onlara yaratdığı üçün dövlətimizin başçısı Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Yolasalma mərasimində 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi, 22 saylı musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi. Yolasalma mərasimi Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən şagirdlər Naxçıvan şəhərinə bayram sovqatları ilə yola düşdülər.

Keçidlər