Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 5 mart-Bədən tərbiyəsi və idman günü qeyd olundu

01 mart 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə akt zalında 5 mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirildi.

Tədbirdən öncə akt zalının foyesində ötən illər ərzində paytaxtımızda təşkil edilmiş mötəbər idman tədbirlərinə həsr olunmuş foto sərgi nümayiş etdirildi.

Тoplantını giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq «Heydər Əliyev və müstəqil Azərbaycanın idman tarixi» mövzusunda geniş məruzə ilə çıxış etdi. İ.Səfərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 04 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmiş, habelə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adı təsis edilmişdir. İlham Səfərov qeyd etmişdir ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılarına olan tükənməz qayğısının ən bariz nümunəsidir. İlham Səfərov çıxışında qeyd etdi ki, son illər respublikamızın paytaxtı Bakı şəhəri çoxsaylı mötəbər turnirlərə ev sahibliyi etmişdir. Ölkəmiz qeyd edilən yarışları yüksək səviyyədə təşkil etməklə dünya idman tarixində silinməz iz qoymuşdur.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Əziz Əzizov qeyd etdi ki, Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya idman kompleksləri inşa olunmaqdadır. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə müsbət nəticəsini göstərib.

İcra başçısı həmçinin bildirdi ki, son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, müxtəlif idman növləri üçün möhtəşəm arenalar tikilərək istifadəyə verilib. O, həmçinin ölkəmizdə birinci Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-pri yarışının, Ümumdünya Şahmat Olimpiadasını və digər beynəlxalq yarışların böyük uğurla təşkil edildiyini vurğuladı. “Hazırda IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri görülür. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək”, - deyə icra başçısı əlavə etdi.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Ülvi Quliyev və Elşad Həsənov çıxış edərək bildirlər ki, Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir.

Bakı -2015 I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, yunan-roma güləşi üzrə Dünya və Avropa Çempionatlarının mükafatçısı Elvin Mürsəliyev, sərbəst güləş üzrə Dünya Çempionu Namiq Sevdimov, kikboksinq üzrə 24 qat Dünya Çempionu, Əməkdar məşqçi Eduard Məmmədov və digər tanınmış idmançıların qatıldıqları toplantıda bir qrup idmançı 5 март-Bədən tərbiyəsi və idman günü münasibəti ilə və idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə Yasamal rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər.

Bundan əlavə, bir qrup idman ictimaiyyəti nümayəndəsi 5 март-Bədən tərbiyəsi və idman günü münasibəti ilə və yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdikləri səmərəli fəaliyyətinə görə, idmanda əldə etdikləri yüksək nailiyyətlərə görə Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərmanla mükafatlandırdılar.

Sonda idmançılarla xatirə şəkli çəkdirildi.

Keçidlər