Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2 fevral - Azərbaycan Gəncləri günü qeyd olundu

31 yanvar 2018 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdən öncə qonaqlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Məmmədli Taleh Hidayət oğlunun rəsm işlərindən ibarət sərgisinə baxış keçirdi, daha sonra Heydər Əliyev Mərkəzinin Muzey bölməsində yerləşən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

İlk öncə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etdi və bildirdi ki, “Azərbaycan Gənclər günü” məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis edilmişdir. Müvafiq fərmanın imzalanmasından 20 ildən artıq bir zaman ötür. Bu illər ərzində respublika gəncləri kifayət qədər formalaşmış və cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilmişdir. Daha sonra İlham Səfərov «Heydər Əliyev və dövlət gənclər siyasəti» mövzusunda məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, ötən dövr ərzində dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda çoxsaylı tədbirlər həyata keçirilmişdir. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi, onların yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının təşkili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi istiqamətlərində görülmüş tədbirlər bu sıradan olan layihələrdəndir.

Sonra Yasamal rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd İslamov çıxış edərək bildirdi ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoyub. Əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun elmin, təhsilin inkişafına, ölkəmizin siyasi-iqtisadi yüksəlişinə, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. Səməd İslamov həmçinin qeyd etdi ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək verilən qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyev ötən il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd İslamov çıxışının sonunda bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilmələri üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində önə çəkildiyini bildirdi.

Toplantıda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov «Gənclərin ictimai-siyasi həyatda rolu» mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov «Azərbaycanın elmi gəncliyinə diqqət və qayğı dövlət siyasətinin əsası kimi» mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı Tural Nağıyev «ASAN xidmət mərkəzi kreativ gənclərin könüllü fəaliyyətinin əsası kimi» mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ülvi Adıgözəlov «Gənclər Fondunun dövlət gənclər siyasətində rolu» mövzusunda, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin “SABAH” qrupunun II kurs tələbəsi Vəfa Mürsəlzadə «Müasir gənclik və vətənpərvərlik tərbiyəsi» mövzusunda çıxışlar etdilər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayonundan seçilmiş millət vəkili Elşad Həsənov və digərləri çıxış edərək iştirakçıları “Azərbaycan Gəncləri günü” münasibəti ilə təbrik etmiş, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.

Sonda müxtəlif nominasiyalar üzrə, dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə, yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilində göstərdiyi səmərəli fəaliyyətinə görə bir qrup fəal Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə təltif olundular. Eyni zamanda rayonun iki fəal gənc nümayəndəsinə rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyinə görə Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər