Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Abad məhəllə” layihəsi çərçivəsində daha bir məhəllə istifadəyə verildi

28 dekabr 2017 | 11:00

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilir. Buna görə də indi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan paytaxtın Yasamal rayonunda da görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.

Dekabrın 28-də 7-ci Sallaqxana küçəsi 7 və 7a nömrəli yaşayış evlərinin ətrafında böyük bir sahədə – 1,3 hektar ərazidə yeni nümunəvi məhəllənin açılış mərasimi həyata keçirildi. Burada çəpərlər sökülmüş, təmizlik işləri aparılaraq ərazidən tullantılar daşınmış, 200 ədəd ağac budanmış və qurumuş ağaclar kəsilmiş, əraziyə 3000 kubmetr münbit torpaq gətirilərək layihələrə uyğun relyefin planlaşdırma işləri aparılmışdır. Nümunəvi məhəllədə və ətrafdakı qeyri-yaşayış sahələrində 800 kv.m suvaq, 1000 kv.m asfalt, 120 paqonmetr bardür, 1500 kv.m daş döşəmə və bu sahənin ətrafına 500 paqonmetr daş bardür döşəmə işləri aparılmışdır. Rezin örtüklü yumşaq döşəməyə əyləncə elementləri yerləşdirilərək uşaq meydançası yaradılmışdır. Məhəllədə 6 ədəd söhbətgah, 3 ədəd idman avadanlığı, 12 ədəd oturacaq qoyulmuş, 600 paqonmetr yeni su xətti çəkilərək yaşıllıqların il ərzində suvarılmasına imkan yaradılmış, işıqlandırma sistemləri yenilənmiş, giriş hissələrində pilləkənlər və hərəkət məhdudiyyəti olan sakinlərin istifadəsi üçün panduslar tikilmiş, 600 ədəd ağac, mövsümi güllər əkilmiş, suvarma sistemləri vasitəsilə yaşıllıqların mütəmadi suvarılması təmin edilmişdir. 425 kv.m ölçüdə yeni mini-futbol stadionu tikilmiş və süni ot örtüyü ilə döşənmişdir.

Ətrafdakı binaların 1-ci mərtəbələri rənglənərək ərazinin ümumi mənzərəsinə uyğunlaşdırılmış, binaların navalçaları və giriş qapıları yenisi ilə əvəz olunmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yasamal rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini Səməd İslamov açılış mərasimində iştirak edənləri qarşıda gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə təbrik etdi, rayon sakinlərini maraqlandıran müraciət və təklifləri dinləyərək onların icrası barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verdi, tədbir iştirakçılarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovu uzun illər idmanın inkişafında səmərəli fəaliyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması ilə əlaqədar rayon İcra Hakimiyyətinin rəhbərliyi adından onu təbrik etdi.

Açılış mərasimində rayon sakinləri çıxışlar edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkə vətəndaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tədbir 4 saylı Uşaq İnkişaf Mərkəzinin hazırladığı bədii konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər