Şriftin ölçüsü :

Saytın rəngi :

Üçrəngli bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

08 noyabr 2017 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” mövzusunda tədbir keçirildi. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, rayonun ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatı, veteranlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Tədbir Vətən uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək bildirdi ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun muxtar respublikanın bayrağı kimi qəbul olunması haqqında qərarı müstəqillik tariximizin şanlı səhifələrindən biridir. Respublikamızın Prezidenti İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Təravət Muradova vurğuladı ki, dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi dövlətimizin başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığının və dəyər verdiyinin əyani sübutudur.

Tədbirdə digər çıxış edən 286 saylı məktəbin tarix müəllimi Malik Məmmədov  üçrəngli bayrağımızın 70 ildən sonra yenidən göylərə yüksəlməsindən, başımızın üstündə daha əzəmətlə dalğalanmasından qürurla danışdı. Bildirdi ki, bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.

Tədbirdə ali məktəb tələbələri üçrəngli bayrağımızın, bayraq gününün əhəmiyyətindən söhbət açdılar.

Dövlət Bayrağı Gününə həsr olunmuş filmin nümayişi, 22 saylı musiqi məktəbinin və İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin rəqs kollektivinin ifasında konsert proqramı maraqla qarşılandı.

Keçidlər