Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

18 oktyabr 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr -Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarix müəllimi Zaliyeva Nailə, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Hakim İsakov, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tarix müəllimi Ərəstun Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri iştirak etdilər.

Öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Azər Zeynalzadə açaraq, Azərbaycanın şanlı müstəqillik mübarizəsindən, xalqın təkidli tələbi ilə ölkənin siyasi idarəçiliyinə qayıdan ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışdı. O, dövlətimizin suverenliyinin təmin olunmasında gənclərin də üzərinə böyük vəzifə düşdüyünü vurğulayaraq bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı mühüm addımlar atılır. Bu addımlar ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinə əsaslanır.

Daha sonra müstəqillik gününə həsr olunmuş film nümayiş olundu.

Azərbaycan Dövlət Pedaqoji Kollecin tarix müəllimi Nailə Zaliyeva məruzə ilə çıxış edərək, diqqətə çatdırdı ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımızın təməlində məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Digər çıxışçılar- AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Hakim İsakov, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tarix müəllimi Ərəstun Ələkbərov çıxışlarında Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi və dönməz etməsindən və 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlardan söz açdılar.

Keçidlər