Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Yasamal rayonunda müşavirə keçirmişdir

10 oktyabr 2017 | 11:00

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində Yasamal rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirdi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.

Müşavirəni giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev tədbirin əhəmiyətindən bəhs etdi. O, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğuladı.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasımov yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışdı.

Toplantıda Bakı Regional Mərkəzinin nümayəndəsi çıxış edərək, Bakı şəhərində 2016 və 2017-ci illərin 8 ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məlumatlar verdilər. Çıxışlar zamanı yanğınların baş vermə səbəbləri barədə danışılmış, onlardan qorunma yolları barədə praktik tövsiyələr verilmişdir.

Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etdilər.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, odsöndürən balondan istifadə qaydaları və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Keçidlər