Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi

17 oktyabr 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin kiçik akt zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın Yasamal rayonunun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Yasamal rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini icra edən Səməd İslamov Yasamal rayonunun 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış etdi.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini icra edən Səməd İslamov çıxışında qeyd etdi ki, 2-17-ci ilin 9 ayında respublikamızın ümumi inkişaf tempinə uyğun olaraq Yasamal rayonunun da iqtisadi göstəricilərində artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmi 180 milyon 200 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 855 milyon 400 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 128 və 107 faiz təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 448 milyon manat olmuşdur, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 faiz artım deməkdir. Bir işçiyə orta aylıq əmək haqqı 5,2 faiz artaraq 639,5 manat hesablanmışdır.

Hesabat dövründə rayonda 5282 yeni iş yeri açılmışdır. Onlardan 3089-u fiziki şəxslər, 2193-ü hüquqi şəxslərin yaratdıqları iş yerləri olmuşdur. Yasamal rayon Məşğulluq Mərkəzinə 2647 nəfər müraciət etmişdir. Onların 2541 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır, 1509 nəfər “Ərazi Məşğulluq Proqramı”na əsasən daimi işlə təmin edilmişdir. İşsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 334 nəfərə işsizlik statusu verilmiş, 320 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunmuşdur.

Dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 891741 manat, çoxmənzilli 10 yaşayış binasının təmiri üçün 2 milyon 400 min. manat vəsait ayrılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanılmışdır. Artıq bu binalardan 11-nin: - Abbas Mirzə Şərifzadə, 33, 86, 122, Akim Abbasov, 3, İsfəndiyar Zülalov, 19, Məhəmməd Naxçıvani, 25, Süleyman Dadaşov küçəsi, 568-ci məhəllə, 16/33, 15/42, 13/38, Zahid Xəlilov küçəsi, 568-ci məhəllə, 14/40, 18/46 ünvandakı qəzalı evlərin yerində tikinti işlərinə başlanılmışdır. İnşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. “İnşaat Konstruksiyaları”, “Ehtibar İnşaat”, “ELİTE CİTY” Məhdud Məsuliyyətli Cəmiyyətləri, “Kristal-Abşeron” və “De-Lyuks” Mənzil Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülmüş, sakinlərə kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilmişdir. Pilot layihənin icrasına nəzarət bilavasitə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinin qərarında göstərilmiş digər ünvanlarda layihələndirmə işləri davam etdirilmişdir. “Elite City” Məhdud Məsuliyyətli Cəmiyyətinə Zahid Xəlilov küçəsi, 30, 32, 34 nömrəli qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının yerində 2 girişli binanın, Zahid Xəlilov küçəsi, 48 A və Əbdürrəhimbəy Haqverdiyev küçəsi, 2 nömrəli istismar müddəti başa çatmış binaların yerində 3 girişli binanın tikintisinə artıq icazə verilmişdir. Bunlardan başqa, “SKY RESİDENCE” Məhdud Məsuliyyətli Cəmiyyətinə Abbas Mirzə Şərifzadə 162 nömrəli evin, “Qismət-M Construktion” Məhdud Məsuliyyətli Cəmiyyətinə Abbas Mirzə Şərifzadə 174 nömrəli evin, “Yasamal-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə İsmayıl bəy Qutqaşınlı, Kazım Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə, “Pilot Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə Abbas Mirzə Şərifzadə, Nazim Hikmət və Xıdır Mustafayev küçələrinin əhatə etdiyi ərazidə istifadə müddəti başa çatmış fərdi yaşayış evlərinin yerində yeni yaşayış binalarının layihələndirilməsinə icazə verilmişdir. Artıq Zahid Xəlilov küçəsi, 30, 32 və 34, Abbas Mirzə Şərifzadə küçəsi, 162 və 174 nömrəli evlərdən sakinlərin köçürülməsi başa çatdırılmışdır.

Ümumilikdə tikilməkdə olan və layihələndirilən 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi evin, cəmi 1049 mənzil və fərdi evin sökülərək yeni layihələr üzrə 303422 kv.m ümumi sahəsi olan 3382 mənzilin tikilməsi nəzərdə tutulur. Ölkə Başçısının təşəbbüsü ilə paytaxt Bakıda həyata keçirilən “Pilot ” layihənin özəllikləri ondan ibarətdir ki, artıq hündürmərtəbəli yaşayış binaları boş sahələrdə yox, qəzalı və yaşayış üçün yararsız binaların yerində inşa edilir. Bu layihə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Belə ki, 10 illər boyu təhlükə altında yaşayan insanlar mövcud mənzillərindən sahəsi 20%-dən artıq yeni təmirli mənzillərlə təmin edirlər. Bu layihə həm də inşaat sektorunun inkişafına yeni iş yerlərinin açılmasına və inşaat bazarının canlanmasına səbəb olur. Fərəhləndirici haldır ki, Yasamal rayonunda 3 ünvanda bu layihənin icrasına Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli investorlar da cəlb olunmuşlar. Bu isə öz növbəsində ölkə iqtisadiyyatına investisiya qoyulmasına maraqların artığını göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq və Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə müasir yeni yol infrastrukturu istismara verilmiş, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Bakı şəhərinin Baş Planına əsasən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Burada 9814 ünvanda ölçü işləri aparılmış, 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300 istifadə müddəti hələ xeyli müddət əvvəl başa çatmış, müasir tələblərə cavab verməyən və demək olar ki, bütünlüklə yararsız yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqı-satqı əməliyyatına təqdim olunmuş və əmlak sahiblərinə vəsait ödənilməsi təmin olunmuş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2017-ci il mayın 30-da yeni inşa olunmuş yolun birinci mərhələsinin açılışında, avqustun 9-da ikinci mərhələnin açılışında iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satınalınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ölkə başçısının verdiyi tapşırıqların icrası məqsədi ilə ilkin araşdırma aparılmış və nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilmişdir.

Ölkə Başçısının tapşırığı ilə Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında yeni binası inşa olunur. Tikinti işlərinin xeyli hissəsi artıq icra olunub, tikintinin bu ilin sonunadək başa çatdırılaraq məscidin dindarların istifadəsinə verilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi xətti ilə Yasamal rayonunda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcəkdir.

2017-ci ilin 9 ayında Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin icrası davam etdirilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Qanlı Göl”ün şimal hissısində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilməkdədir. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xarici Dairəvi yoldan başlayaraq “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisindən keçməklə Abbas Mirzə Şərifzadə küçəsinə çıxışı təmin edəcək Nazim Hikmət küçəsinin davamı layihəsi müvafiq təşkilatlarla, o cümlədən Yasamal rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi və sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Abad həyət – Sağlam həyat” layihəsinin icrası təşəbbüsünə qoşularaq Yasamal rayonunda 3 ünvanda nümunəvi məhəllələrin yaradılması işlərinə başlanmışdır. Bu məhəllələr 7-ci sallaqxana, Şərifzadə küçəsi və Yeni Yasamal yaşayış massivində salınacaqdır. Xüsusilə 7-ci sallaqxana ünvanında başlanılmış işlərlə əlaqədar bildirilməlidir ki, xeyli müddət bu ünvandan ölkə rəhbərliyinə, rayon icra hakimiyyətinə ardı-arası kəsilməyən şikayətlər daxil olurdu. 1,3 ha ərazisi olan ümumi istifadədə olan həyət demək olar ki, bütünlüklə müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmışdı. Müxtəlif təzyiqlərə və cətinliklərə baxmayaraq qısa müddətdə bütün ərazi hasarlardan təmizlənmiş, xeyli sayda qanunsuz tikililər ləğv edilmiş və həmin ünvanda nümunəvi Abad Həyət salınması barədə sərəncam imzalanmışdır. Layihəyə uyğun olaraq nümunəvi məhəllə istirahət parkı kimi də adlandırıla bilər. Belə ki, ərazidə genişmiqyaslı abadlaşma, asfaltlanma və yaşıllaşdırma işləri aparılma, 2000 kv.m-ə yaxın piyada gəzinti yolları salınacaq, 450 kv.m-lik futbol stadionu, coxlu sayda günlük və skamyalar, idman trenajorları, uşaqlar üçün müxtəlif əyləncə avadanlıqları quraşdırılacaqdır. 2017-ci ilin noyabr ayının sonunadək nümunəvi məhəllələrin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Cari ilin aprel ayının 13-də Mətbuat prospekti Ovçular evinin ərazisində tikinti şirkəti tərəfindən özbaşına xeyli sayda ağaclar kəsildi. Möhtərəm cənab Prezidentin bu hadisəyə dərhal və ciddi reaksiyası bir çoxlarına mesaj rolunu oynadı. Tikinti şirkətinin sərəncamı ləğv edildi, külli miqdarda cərimə olundu, şirkətin rəhbəri həbs edildi və ərazidə park salındı. Bu paytaxt Bakıda yaşıllıqların qorunmasına nəzarətin son dərəcə diqqətdə olunmasına daha bir bariz nümunədir. Ölkə başçısı iyulun 15-də parkın açılışında iştirak edərkən sakinlərlə görüşü zamanı qeyd etdi ki, gələcəkdə də bir ağacı belə kəsməyə cəhd edən şəxsin aqibəti acınacaqlı olacaqdır. Möhtərəm cənab Prezidentin yaşıllıqların qorunması ilə əlıaqədar verdiyi tapşırıqları nəzərə alaraq rayonun idarə, müəssisə və təkilatlarının kollektivlərində Bakı şəhərində yaşıllıqların qorunmasına hər kəsin son dərəcə məsuliyyət daşıması təbliğ edilməlidir.

2017-ci ilin 9 ayında qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək “Qanlı göl”ün qərb hissəsində sahəsi 42, 52 və 64 kv.m olan 3 müxtəlif təyinatlı özbaşına tikili sökülmüşdür. Təssüfki bir sıra vətəndaşlar tərəfindən rayonun digər ərazilərində də qanunsuz tikinti işlərinin aparılmasına cəhdlər olmuşdur. Əlibaba Abdullayev küçəsi, 25 nömrəli evin 2-ci mərtəbəsində 70 kv.m, Zaur Kərimov küçəsi, 38 nömrəli evin 2-ci mərtəbəsində 40 kv.m, Nazim Hikmət küçəsi, 24 nömrəli evin 2-ci mərtəbəsində 70 kv.m fərdi yaşayış evlərinin tikintisinə cəhdlər edilmiş, lakin onların qarşısı vaxtında alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həllinə dair tapşırıqları və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin nəzarətində olmuşdur. 2016 – 2017-ci illərin payız-qış mövsümündə rayon təsərrüfatının bütün sahələrində əhalinin kommunal, məişət və digər xidmətlərə olan tələbatının ödənilməsi sahəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, rayon sakinlərinin, hüquqi və fiziki şəxslərin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatı məsələsi bütünlüklə həll edilmiş, ötən payız-qış mövsümündə bu sahədə demək olar ki, heç bir ciddi çətinlik yaşanmamışdır. 2017-2018-ci illərdə payız-qış mövsümünə hazırlıqla əlaqədar işlərin daha operativ və məqsədyönlü həyata keçirilməsi məqsədi ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2017-ci il tarixli 244 nömrəli sərəncamı verilmişdir.

2017-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ən müasir tələblərə uyğun inşa olunmuş 20 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təhsildə yüksək göstəriciləri ilə fərqlənən şagirdlərin Naxçıvan Muxtar Respublikasına səfərləri təşkil olunumuşdur.

Müxtəlif bayramlarla əlaqədar aztəminatlı ailələrə bayram paylarının və yardımların verilməsi təşkil olunmuş, Novruz Bayramı ilə əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1991 nəfər ünvanlı dövlət sosial yardımı alan şəxslərə bayram sovqatları paylanmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən Heydər Əliyev Mərkəzinin yeniyetmə və gənclər tərəfindən kütləvi surətdə ziyarət olunması ötən dövrdə də davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi davam etdirilmiş, müəyyən olunmuş müddətdə icbari tibbi müayinə tədbirlərinin yüksək keyfiyyətlə başa çatdırılması rayonun səhiyyə müəssisələri tərəfindən təmin olunmuşdur.

2017-ci ilin birinci yarısında rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan 2503, 2016-cı ilin müvafiq dövründə 2976 müraciət daxil olmuşdur. Onlardan 1426 müraciət yuxarı dövlət orqanlarından, 2016-cı ilin müvafiq dövründə 1668, o cümlədən bu il 111, 2016-cı ildə 302 müraciət nəzarətlə daxil olmuşdur. Daxil olmuş müraciətlərin say etibarilə təhlili göstərir ki, azalmaya səbəb Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar rayon sakinləri tərəfindən rayon İcra Hakimiyyətinə daha az ərizə və şikayətlərin ünvanlanmasıdır. Cari ilin 9 ayı ərzində rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 404 nəfər – aparatda 237, səyyar qəbul-görüşlərdə 197 nəfər iştirak etmişdir. Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılması təmin edilmişdir.

Sonra Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova rayonun təhsil müəssisələrinin fəaliyyəti, Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Fəxri Hüseynov rayonun mənzil fondunun qorunub-saxlanması, payız-qış mövsümünə hazırlıq, Yasamal rayon Su-kanal İdarəsinin rəisi Mehman Babayev sakinlərin və rayonun hüquqi və fiziki şəxslərinin su təchizatı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov rayon təşkilatının fəaliyyəti ilə bağlı məruzə ətrafında çıxışlar etdilər.

Rayon icra hakimiyyəti Başçısı aparatının aparıcı məsləhətçisi Emin Babayev iclas iştirakçılarını Yasamal rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın qərar layihəsi ilə tanış etdi. İclasın sonunda Yasamal rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın qərarı qəbul olundu.

Keçidlər