Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyəti fəxri ad alan təhsil işçilərini təbrik etdi

04 oktyabr 2017 | 11:00

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə sayəsində insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dövlətimizin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Heydər Əliyev Fondu ölkəmizdə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017 –ci il tarixli sərəncamına əsasən bir qrup təhsil işçilərinin yüksək qiymətləndirilməsi Yasamal rayon ziyalıları və təhsil işçiləri tərəfindən rəğbətlə qarşılandı. Belə ki, Akademik Zərifə Əliyeva adına liseyin kimya müəllimi Allahyarov Elburus Kamal oğlu və Avropa liseyinin ingilis dili müəllimi Səmədova İradə Dilavər qızı “Tərəqqi” medalına, Akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi Səmədova İradə Rəfi qızı , Avropa liseyinin ibtidai sinif müəllimi Şükürova Nailə Sadıx qızı “Əməkdar müəllim” fəxri adına layiq görüldülər. Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi təltif olunan müəllimləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Təhsil işçilərinin əmək haqqının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.

Hazırda Azərbaycanda yeddi minədək təhsil müəssisəsində 200 minədək pedaqoq çalışır. Bu isə o deməkdir ki, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.

Keçidlər