Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda "Beynəlxalq Sülh Günü" qeyd olundu

21 sentyabr 2017 | 11:00

Yasamal rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə “Kindergarten” körpələr evində 21 sentyabr-"Beynəlxalq Sülh Günü" qeyd olundu. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, xalqımız tarixən sülhsevər xalq olub və bu dünyagörüşü folklorumuzdan başlayaraq çağdaş dövrümüzə qədər ədəbiyyatımızda öz əksini tapıb.

21 sentyabr-“Beynəlxalq Sülh Günü” BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır. BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. T.Muradova öz çıxışında həmçinin bildirdi ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi qeyd edilir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Beynəlxalq Sülh gününün əsas məqsədi bütün dünyada sülhə və əmin-amanlığa yönələn səylərin daha da artırılması, sülh mədəniyyətinin geniş təbliğidir.

1981-ci ildən etibarən hər il BMT-nin baş katibi dünya xalqlarına müraciət edir. 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı qərargahının həyətində Yaponiya tərəfindən bağışlanmış “Sülh zəngi” quraşdırılıb. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb. Hər il bu bayram məhz “Sülh Zəngi”nin çalınması ilə başlayır.

Beynəlxalq Sülh günü Yasamal rayonunun orta ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında da təntənə ilə qeyd olundu.

Tədbirin sonunda balaca fidanlar üçün sülh mövzusuna həsr edilən videomaterialların təqdimatı oldu.

Keçidlər