Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi günü

18 sentyabr 2017 | 11:00

18 sentyabr- Azərbaycanda Milli Musiqi günüdür. Bu gün Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.

Hər il ənənəvi olaraq keçirilən Milli Musiqi günü Azərbaycanda musiqi bayramına çevrilib. Üzeyir bəyin adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Onun yaratdığı musiqilər təkcə Azərbaycan yox, ölkəmizin hüdudlarından kənarda da böyük uğurla səslənir. Onun tarixdə qoyduğu iz heç nə ilə müqayisə oluna bilməz.

Dahi bəstəkarın ad günü Yasamal rayonunda yerləşən ev-muzeyində qeyd edildi. Bakının mərkəzi küçələrindən hesab edilən, Sovet dövründən bəri daha çox “Ketsxoveli” küçəsi kimi tanınan Şamil Əzizbəyli küçəsi Azərbaycan bəstəkarı, Azərbaycan Himninin bəstəkarı Üzeyir Hacıbəylinin boya-başa çatdığı ev ilə tanınır. Dahi bəstəkarın yaşadığı ev, tarixi abidə kimi abadlaşdırılıb və həm yerli, həm də xarici qonaqların ziyarəti üçün muzey olaraq fəaliyyət göstərməkdədir.

Yasamal rayon məktəbliləri dahi bəstəkarı yad etmək üçün muzeyin qonağı oldular. Burada Üzeyir bəyi xatırladan hər bir əşya onların marağına səbəb oldu. Maraqlı və klassik dizaynda bəzədilmiş ev insanı əvvəlki dövrlərə qaytarır. Qədim eynək, bəstəkarın portretləri, qara karandaşla yazılmış not kağızı, royal, skripka.

Muzeyin bələdçilərinin də dediyinə görə Üzeyir bəyin hər bir yaratdığı əsər bizlərə bir töhvədir.Bu gün çox sevindirici və fərəhverici bir haldır ki, Üzeyir bəy irsi gələcək nəsillərə çatdırılır. Eyni zamanda, onun adına keçirilən festival, onun əsərlərinin dünya musiqiçiləri tərəfindən ifa olunması Üzeyir Hacıbəyli yaradıcılığının böyüklüyü və bu böyük yaradıcılığına olan sevgidir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş IX Beynəlxalq Musiqi Festivalı da keçiriləcək.

Şagirdlər milli musiqimizin tarixi, Üzeyir Hacıbəylinin yaradıcılığı, onun əsərləri haqqında dolğun məlumat əldə etdilər Sonda xatirə şəkilləri çəkdirdilər.

Keçidlər