Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda tibbi müayinə uğurla başa çatdı

15 may 2017 | 11:00

Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Respublikamızın hər yerində olduğu kimi paytaxtın Yasamal rayonunda da əhalinin pulsuz tibbi müayinədən keçirilməsi prosesi fevral ayının 15-dən may ayının 15-dək davam etdirildi.
Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aparılan işlər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılırdı.
Müayinələrin keyfiyyətlə həyata keçirilməsi məqsədilə rayon ərazisindəki şəhər poliklinikalarında müvafiq şərait yaradılmışdır. Rayondakı 3,16,19 və 39 saylı şəhər poliklinikaları lazımı dərman preparatlarıyla, diaqnostik reaktivlər, flüoqrafik plyonkalar və kardioqrafik lentlərlə təchiz olunmuş, həkimlərdən ibarət səyyar briqadalar da yaradılmışdır.
Fevral ayının 15-dən başlayan aksiyada 175667 nəfər əhali tibbi müayinədən keçirilmişdir.Müayinələr nəticəsində 32450 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 1750 nəfər xəstə isə stasionar müalicəyə göndərilmişdir, onlardan 48 nəfər üzərində cərrahi əməliyyat aparılmışdır. İlkin mərhələdə aşkar olan xəstəliklər içərisində ürək qan-damar sistemi xəstəlikləri, qan və qan yaradıcı orqan sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri daha çox üstünlük təşkil edirdi.
Səyyar həkim briqadaları da hər gün müvafiq sahələr üzrə müayinələr aparmış, yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün ərazi icra strukturları da yaxından köməklik göstərmişlər.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyətinə, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Rayonda əhalinin tibbi müayinə tədbirləri uğurla başa çatmışdır.

Keçidlər