Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Faiq Rzayevin doğum günü qeyd olundu

13 may 2017 | 11:00

Yasamal rayonu 150 nömrəli tam orta məktəb adını daşıdığı şəhid Faiq Rzayevin doğum gününü qeyd etdi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndələri, ümumtəhsil məktəblərin, təşkilatların rəhbərləri iştirak etdilər.
Əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərginin nümayişi oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, sonra torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevda Əliyeva şəhidin qəhrəmanlığından söz açaraq bildirdi ki, Faiq Rzayev birinci Qarabağ savaşında, 24 il bundan öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə düşmənə qarşı qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə ucalan oğullarımızdan idi. Faiq Rzayevin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verdi.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qeyd etdi ki, Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə mühasirəyə düşsə də təslim olmayıblar. Onlar son damla qanlarına qədər düşmənlə vuruşub onun əsas qüvvələrini məhv ediblər. Sonda Faiq və bir-neçə döyüşçü dostu şəhidlik zirvəsinə yüksəliblər. Bu gün onun ruhu şaddır, çünki ötən ilin aprel döyüşlərində rəşadətli Azərbaycan Ordusunun genişmiqyaslı hücumu nəticəsində vaxtilə Faiq Rzayevin kəşfiyyatçı kimi döyüşdüyü Cocuq Mərcanlı düşmən tapdağından azad oldu.
Faiq Rzayevin adını daşıyan məktəbdə musiqi kollektivləri klassik musiqidən parçalar, məktəblilərdən ibarət orkestr isə hərbi marşlar ifa etdilər.
150 nömrəli tam orta məktəbin kollektivi hərbi vətənpərvərlik mövzusunda bədii kompozisiyalar, kiçik səhnəciklər də nümayiş etdirdilər.
Sonda şəhidin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.

Keçidlər