Şriftin ölçüsü :

Saytın rəngi :

«ŞAHİN» HƏRBİ-İDMAN OYUNU ÜZRƏ RAYON BİRİNCİLİYİ KEÇİRİLDİ

07 aprel 2017 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində «Şahin» hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi. Birincilikdə rayon ərazisində fəaliyyət göstərən 18 tam orta məktəbin komandası öz qüvvəsini sınadı.
Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi. Torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxışında bildirdi ki, aprel döyüşləri xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızın yaxın zamanlarda düşmən tapdağından azad olunacağına əminlik yaradır. İlham Səfərov qeyd etdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Yasamal rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev öz çıxışlarında yarış iştirakçılarını salamladılar və iştirakçı komandalara uğurlar arzuladılar. Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başladılar.
Yarışın yekun nəticəsinə görə I yerə 31 №li tam orta məktəbin komandası, II yerə 286 №li tam orta məktəbin komandası, III yerə 158 №li tam orta məktəbin komandası layiq görüldülər. Rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazandı.

Keçidlər