Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım tədbiri

09 dekabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü il dönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, 31 saylı tam orta məktəbin tarix müəllimi, tarix elimləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova, 31 və 13 saylı tam orta məktəblərin, Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivləri iştirak etdilər.

Məktəblilər Mərkəzin muzey bölməsində Umummilli liderin əziz xatirəsini yad etdilər. Bələdçilər tərəfindən onlara dünya miqyaslı siyasətçi, böyük tarixi şəxsiyyət-Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan ətraflı məlumat verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Aidə Məmmədova açaraq bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından on üç il keçir. Hər bir azərbaycanlı Ulu Öndərin şəxsiyyətinin böyüklüyünü, müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü işlərin əzəmətini daha dərindən dərk edir. Bu dahi insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətli rol oynayıb. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dünya şöhrətli Ümummilli Lideri var! Heydər Əliyev zirvəsi əlçatmazdır, bu zirvə dünyanın hər yerindən görünür.

Şagirdlər öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq diqqətə çatdırdılar ki, Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Qüdrətli şəxsiyyət Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycan xalqına, onun xoşbəxtliyinə, işıqlı gələcəyinə həsr edib. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə daim Azərbaycanın tərəqqisi üçün çalışdığını, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını bildirdilər.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.

Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Zöhrab Cəfərov öz çıxışında vurğuladı ki, Ulu Öndər, dahi siyasi xadim Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə, o cümlədən dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk çətin illərdə xidmətləri misilsizdir. Ümummilli lider Azərbaycanı dərin böhrandan çıxardı, ölkəmizin iqtisadi qüdrətinin təməlini qoyaraq qısa müddətdə iqtisadiyyatı canlandırdı. Məhz onun qətiyyəti və iradəsi sayəsində Azərbaycan dövləti müstəqil oldu. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından başlayaraq indiyə qədər ötən dövr ölkəmizin ictimai-siyasi və sosial həyatında mühüm hadisələrlə zəngindir. Bütün sahələrdə, o cümlədən elmdə inkişaf müşahidə edilir. Azərbaycanın dahi övladının əziz xatirəsi bütün həyatını həsr etdiyi xalqın qəlbində əbədi yaşayacağını diqqətə çatdırdı.

Sonda 31 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş bədii kompozisiya səsləndirildi.

Keçidlər