Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 16 noyabr- “Beynəlxalq Tolerantlıq Günü” qeyd olundu

10 noyabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyev bildirdi ki, “Beynəlxalq Tolerantlıq Günü” - 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir.

İbrahim Mehdiyev vurğuladı ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması Prezident cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.

Millət vəkili Elşad Həsənov məruzə edərkən bildirdi ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir.

Millət vəkili Aytən Mustafazadə çıxış edərək bildirdi ki, Azərbaycanda hər il müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya meydançasına çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir. Forum, bir tərəfdən, alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyətinə, digər tərəfdən isə alimlərin elmi araşdırmalar, ideyalar mübadiləsi aparmasına imkan yaradır.

Bakı Biznes Universitetinin rektoru çıxışında qeyd etdi ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Tədbirin sonunda 16 noyabr- “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş film nümayiş olundu.

 

Keçidlər