Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi şair, dramaturq Hüseyn Cavidin doğum günü qeyd edildi

24 oktyabr 2016 | 11:00

Dahi şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyi münasibətilə onun Yasamal rayonundakı abidəsi ziyarət olundu. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, yazıçılar, şairlər və rayon ictimaiyyəti dahi şairin abidəsi önünə əklillər düzdülər.

Tədbir ədibin ev-muzeyində davam etdirildi. Tədbiri giriş sözü ilə AMEA-nın bölmə rəhbəri, əlyazmalar institutunun direktoru akademik Teymur Kərimli açaraq, hər il ədibin doğum günündə bir yerə toplaşmağın artıq ənənəyə çevrildiyini qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Hüseyn Cavidin keşməkeşli həyat yolundan, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı. Vurğuladı ki, o, nəinki Azərbaycanın, həmçinin, bəşər mədəniyyətinin nadir simalarındandır. Çünki Cavid əsərlərində yalnız Azərbaycanı deyil, bütün bəşəriyyəti düşündürən problemlərə, məsələlərə işıq saçırdı. Məhz bu xüsusiyyətlərinə görə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirirdi.

Cavidsevər, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Cavid ailəsi haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Akademik İsa Həbibbəyli, AMEA- nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru, H.Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı və başqaları böyük dramaturqun zəngin ədəbi irsindən, əsərlərinin gənc nəslin təlim-tərbiyəsində mühüm rolundan danışdılar.

Tədbirin bədii hissəsi iştirakçıların marağına səbəb oldu.

Keçidlər