Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi

14 oktyabr 2016 | 11:00

Son illər Bakının Yasamal rayonunda müsbət irəliləyişlər müşahidə olunur. Geniş əraziyə malik olan və paytaxtın mərkəzində yerləşən rayonda abadlıq və quruculuq işləri vüsət almış, hər tərəf füsunkar guşəyə çevrilmiş, insanların həyat tərzi maksimum səviyyəyə çatdırılmışdır. Rayonda 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi. Yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Toplantıda rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin hesabat məruzəsi dinlənildi. O, doqquz ayın yekunları barədə danışaraq dedi: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra hakimiyyətlərinin qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədi ilə rayonumuzda xeyli iş görülmüşdür. Sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və əhalinin maddi rifahının yüksəldilməsi məqsədilə yaradılmış qərargahın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Hesabat dövründə 3272 yeni iş yeri açılmışdır. Onlardan 899 yeni yaradılmış müəssisə və təşkilatlarda, 2373-ü isə fiziki şəxslərdən ibarətdir. Yasamal Rayon Məşğulluq Mərkəzinə 8721 nəfər müraciət etmişdir. Onların 6614 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. 1103 nəfər daimi işlə təmin edilmişdir. Onlardan 415 nəfəri qulluqçu vəzifələrinə, 688 nəfəri fəhlə peşələri üzrə işlə təmin olunmuşlar, 140 nəfər peşə hazırlıq və ixtisasartırma kurslarına cəlb edilmiş, kursu başa çatdırmış 42 nəfər işlə təmin olunmuşdur. İşsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 568 nəfərə işsizlik statusu verilmiş, 578 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunmuşdur. 1 fevral 2016-cı il tarixdən Yasamal Rayon İcra Hakimiyyətinin xətti ilə 808 yeni iş yeri açılmışdır. Hazırda 782 nəfər işlə təmin olunmuşdur.

Dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 551340 manat, çoxmənzilli 5 binanın təmiri üçün 884800 manat vəsait ayrılmış və nəzərdə tutulan işlər icra edilmişdir.

Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Bu il avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təməlqoyma mərasimində iştirak etmiş, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən burada həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Möhtərəm Prezident eyni zamanda öz tövsiyələrini də vermişdir. Artıq Təzə Pir məscidinin ətrafından və Nəriman Nərimanov prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək ərazidə köçürmə işlərinə başlanılır.

Qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək 10 müxtəlif təyinatlı qeyri-qanuni tikili, 3 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülmüşdür. Sosial evlərin tikintisi üçün ayrılmış ərazinin zəbt olunmuş 1,5 hektar hissəsində hasarlar ləğv edilmiş, 480 kv.m müxtəlif təyinatlı qeyri-qanuni tikili Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin texnikası və işçi qüvvəsi ilə sökülmüşdür. Bir çox ünvanlarda qeyri-qanuni tikinti işləri aparılması cəhdlərinin qarşısı alınmışdır. Əlibaba Abdullayev küçəsi, 25 nömrəli evin 2-ci mərtəbəsində 55 kv.m, Ümid Əkbərov küçəsi, 24 nömrəli evin 2-ci mərtəbəsində 165 kv.m, 11-ci Xrebtovı küçəsi, 103 nömrəli evin 2-ci mərtəbəsində 86 kv.m qanunsuz tikinti işləri aparılmasının qarşısı alınmışdır. “Günəş” Mənzil-Tikinti Kooperativinə məxsus Məhəmməd Naxçıvani küçəsi, 10 nömrəli evin üstündə 110 kv.m mansard tikintisinə cəhdin qarşısı alınmışdır. 6 ünvanda qeyri-qanuni ət kəsimi obyektləri ləğv edilmiş, diri heyvan saxlanan 150 kv.m tövlə sökülmüşdür. Bakı Metropoliteninin “İnşaatçılar”, “Nizami”, “Elmlər Akademiyası”, “20 Yanvar” stansiyalarının ətrafında qanunsuz küçə ticarəti aradan qaldırılmışdır. Bu sahədə rayon icra hakimiyyətinə yaxından əməli köməklik göstərmiş Yasamal Rayon Polis İdarəsinin rolunu xüsusi qeyd etmək istəyirəm.

Şübhəsiz ki, hesabat dövründə həyata keçirilmiş ən əhəmiyyətli tədbirimiz Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi - referendum olmuşdur. Rayon üzrə 123806 nəfər seçicinin 75943 nəfəri - 61,34 faizi referendumda iştirak etmişdir. Seçici fəallığı 15 saylı Yasamal I seçki dairəsi üzrə 60,04, 16 saylı Yasamal II seçki dairəsi üzrə 60,6, 17 saylı Yasamal III seçki dairəsi üzrə 64,52, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 8 seçki məntəqəsi üzrə 60,33 faiz təşkil etmişdir. Referendumun nəticələri iqtidar-xalq vəhdətinin mövcudluğunu bir daha sübut etdi. Yeri gəlmişkən, referendumda fəal iştirakı ilə fərqlənən idarə, müəssisə və təşkilatların rəhbərlərinə və əmək kollektivlərinə təşəkkürümü bildirirəm. Lakin bununla belə, bəzi vəzifəli şəxslərin işə məsuliyyətsiz yanaşmalarını da qeyd etmək istəyirəm. Məsələn, 15 saylı Yasamal I seçki dairəsinin 21 saylı seçki məntəqəsinin komissiyası bəzi vəzifəli şəxslərin işə məsuliyyətsiz münasibəti nəticəsində Mərkəzi Seçki Komissiyası tərəfindən buraxılmışdır.

Cari ilin doqquz ayı tam orta ümumtəhsil məktəblərimizin uğurlu göstəriciləri ilə də əlamətdar olmuşdur. Müsbət nəticələri ilə fərqlənən məktəblərdən Akademik Zərifə Əliyeva adına liseyin - 99 faiz, Avropa liseyinin - 98 faiz, 60 nömrəli tam orta məktəbin - 90 faiz, İncəsənət Gimnaziyasının - 86 faiz, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin - 76 faiz, 167 nömrəli tam orta məktəbin - 72 faiz universitetlərə qəbul göstəricilərini xüsusi qeyd etmək istəyirəm. Akademik Zərifə Əliyeva adına liseyin məzunları 14 qızıl, 1 gümüş, Avropa liseyinin məzunları 6 qızıl, 13 nömrəli tam orta məktəbi və Fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirənlər 1 qızıl medala layiq görülmüşlər. Akademik Zərifə Əliyeva adına liseyin və Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 3, 13 nömrəli tam orta məktəbin 1, incəsənət Gimnaziyasının 1 və Avropa liseyinin 1 məzunu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşlər. Rayonumuzun tam orta məktəblərinin 118 nəfər məzunu qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. Ümumilikdə rayonumuzun universitetlərə qəbulu 63 faiz təşkil edir. Bu nailiyyətlərinizə görə sizin hamınızı təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həllinə dair tapşırıqları və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin nəzarətində olmuşdur. Rayon sakinlərinin, hüquqi və fiziki şəxslərin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatı məsələsi, demək olar ki, bütünlüklə həll edilmişdir. Payız-qış mövsümünün başlaması ilə əlaqədar kommunal xidmətlər bir sıra tədbirlər həyata keçirmişlər.

Cari ilin doqquz ayında mənzil fondunun qorunması istiqamətində işlər davam etdirilmişdir. 65 yaşayış binasında 11880 kv.m müxtəlif materiallarla dam örtüyü təmir edilmiş, 26 yaşayış binasında 614 poqonmetr aşağı paylayıcı istilik xətləri dəyişdirilmişdir.

Bakı Regional Qaz İstismar Departamenti Mərkəzi rayonlar üzrə Texniki İstismar Xidməti tərəfindən Tağı Şahbazi, Kazım Kazımzadə, Balababa Məcidov küçələrindən keçən qaz xətləri dəyişdirilmişdir. Abbas Mirzə Şərifzadə küçəsi 104, 192, Vasif Əliyev küçəsi 164 saylı yaşayış evlərində, Zahid Xəlilov küçəsi 568 və 577-ci məhəllələrdə yararsız qaz tənzimləyiciləri və siyirtmələr yeniləri ilə əvəz olunmuşdur. Zaur Kərimov və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində yeni qaz xətti çəkilmişdir.

Rayonun Enerji Satışı və İstismarı İdarəsi tərəfindən Süleyman Dadaşov küçəsində quraşdırılmış giriş şitlərini 297 saylı transformator məntəqəsi ilə birləşdirmək üçün 2650 poqonmetr kabel, 2100 poqonmetr plastik boru, 2000 poqonmetr hava xətləri çəkilmiş, 921 və 851 saylı transformator məntəqələrinin 280 kvadrametr dam örtüyü təmir olunmuşdur. Yeni Yasamalda 10 kv-luq hava xətti ləğv olunaraq əvəzində 1020 poqonmetr yeraltı kabel xətti, Balababa Məcidov küçəsində yolun genişlənməsi ilə əlaqədar 4500 poqonmetr yeni kabel xətləri çəkilmişdir.

“Azərsu” ASC Yasamal rayon Sukanal İdarəsi tərəfindən 1501 poqonmetr məhəllədaxili və magistral su, 191 poqonmetr kanalizasiya xətti dəyişdirilmiş, 665 poqonmetr su, 46 poqonmetr kanalizasiya xətti təmir olunmuşdur. Bununla 1-ci və 2-ci Alatava massivləri, Dadaş Bünyadzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Ümid Əkbərov, Rahib Tağıyev və digər küçələrdə su təchizatı və kanalizasiya sistemlərinin istismarı yaxşılaşmışdır.

“Azəristiliktəchizat” ASC-nin 14 saylı rayon istilik sistemləri istismar sahəsi tərəfindən 128, 141, 143, 201, 321 saylı qazanxanalarda əsaslı və cari təmir işləri aparılmışdır. Parlament prospekti 4b, 6, 6a, Seyfəddin Dağlı küçəsi 2, Mətbuat prospekti 22, 24a, 42, Əhməd Cəmil küçəsi 87, 87a, 91, Bəsti Bağırova küçəsi 2, 6, Hüseyn Cavid prospekti 39, 70a, 87a, 91a, Mikayıl Müşfiq küçəsi 6a, Zahid Xəlilov küçəsi 3, 11, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 2, Murtuza Muxtarov küçəsi 203, Tağı Şahbazi küçəsi 104a, 110 nömrəli yaşayış evlərinin istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Bu mövsümdə 14 saylı rayon istilik sistemləri istismar sahəsi tərəfindən 203 yaşayış binası, 6 məktəb, 6 uşaq bağçası, 3 səhiyyə, 9 digər, 36 təsərrüfat hesablı müəssisə istiliklə təmin ediləcəkdir. Lakin istiliklə təchizat sahəsində mövcud problemlərin həlli istiqamətində işlərin aparılmasına ehtiyac vardır.

Hesabat dövründə müxtəlif əlamətdar hadisələrlə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən Heydər Əliyev Mərkəzinin yeniyetmə və gənclər tərəfindən ziyarət olunması davam etdirilmişdir.

2016-cı ilin doqquz ayı ərzində rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 2976 müraciət daxil olmuşdur. Onlardan 1668-i yuxarı dövlət orqanlarından, o cümlədən 302-si nəzarətlə göndərilmişdir. Nəzarətlə daxil olmuş müraciətlərdən 289 müraciətə baxılmışdır, 13 müraciətin isə baxılma müddəti vardır. Rayon icra hakimiyyəti başçısının qəbulunda 473 nəfər - aparatda 276, səyyar qəbul-görüşlərdə 197 nəfər iştirak etmiş, 193 nəfərə izahat verilmiş, 256 nəfərin müraciətinə baxılmışdır, 24 müraciətin isə baxılma müddəti vardır.

Yığıncaqda “Azon” Zavodunun direktoru Çingiz Əliyev, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova, YAP rayon təşkilatının sədri Tağı Əhmədov çıxış etdilər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yekunlaşdıraraq əminliklə vurğuladı ki, rayonda inkişaf tempi uğurla davam etdiriləcək, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

Keçidlər