Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində mənzillərin bölüşdürülməsi məqsədilə püşkatma mərasimi keçirildi

11 iyun 2016 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında “Sovetski” adlanan ərazidə azkvadratlı mənzillərdə yaşayan bir qrup sakinə dövlət tərəfindən verilən yeni mənzillərin bölüşdürülməsi məqsədilə püşkatma mərasimi keçirildi. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar paytaxtın Yasamal rayonunda, keçmiş “Sovetski” adlanan ərazidə geniş abadlıq işlərinin aparılması məqsədi ilə 2014-cü ilin yanvar ayından etibarən həmin ərazidən köçürülməsi üçün sakinlərlə danışıqlara başlanılıb.İlkin mərhələdə mülki qanunvericiliyə uyğun olaraq, sakinlərdən yaşayış və qeyri-yaşayış sahələrinin satın alınma prosesi razılaşma ilə alqı-satqı müqavilələri əsasında həyata keçirilir.

Sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 saylı qərarına əsasən Yasamal rayonunda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə keçmiş “Sovetski” adlanan ərazinin bir hissəsində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına başlanıb və hazırda bu işlər davam etdirilir. Qeyd edək ki, indiyədək ərazidən cəmi 3425 yaşayış obyekti, o cümlədən 2715 yaşayış obyekti könüllü alqı-satqı yolu ilə, 710 yaşayış obyekti isə dövlət ehtiyacları üçün könüllü razılaşma əsasında vəsait ödənilməklə sakinlərdən satın alınıb.

İcra başçısı çıxışında onu da qeyd etdi ki, Nazirlər Kabinetinin 09 iyun 2015-ci il tarixli 149s saylı sərəncamı əsasında ötən il, 27 İyul, 2015-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında “Sovetski”dən köçürülən sakinlərdən azsahəli mənzillərdə yaşayan ailələrə və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sahəsi 45 kv. m olan 9 mərtəbəli, 2 bloklu və 2 otaqlı binada tamamilə rekonstruksiya olunmuş, hər bir kommunal şəraitlə təchiz edilmiş 104 mənzil istifadəyə verilmişdir. Bu ilin iyun ayının 13-də isə Koroğlu Rəhimov küçəsi, 9 ünvanında yerləşən 9 mərtəbəli binanın açılış mərasimi keçiriləcək. Həmin gün binadakı 111 mənzilin açarları sakinlərə paylanılacaq. Mənzillərin bölüşdürülməsi isə tam şəffaf şəkildə sakinlərin iştirakı ilə bugünkü tədbirdə püşkatma yolu ilə həyata keçirilir.

Çıxışının sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi böyük diqqqət və qayğısına, müqəddəs Ramazan ayında nəcib, xeyirxah əməli ilə illərlə çətin şəraitdə yaşamış bu sakinlərə ikiqat sevinc bəxş etdiyinə görə, rayon İcra Hakimiyyəti adından öz dərin minnətdarlığını bildirdi , arzularına qovuşan yeni mənzil sahiblərinə sağlam və firəvan həyat arzuladı.

Sonra tədbirdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov çıxış edərək bildirdi ki, dövlət başçısının göstərişi ilə Koroğlu Rəhimov küçəsi , 9 ünvanındakı yenidən qurulan 9 mərtəbəli binanın 8 mərtəbəsində tam təmir olunmuş 120 mənzil yerləşir. Mənzillər istilik sistemi, rabitə xətləri ilə tam təchiz olunmuşdur. Şəhərin mərkəz hissəsində yerləşən həmin binanın həyətində sakinlərin istirahəti üçün rahat şərait yaradılmış, gözəl, təmiz və səliqəli park salınmışdır. Burada yaşayanlar asudə vaxtlarında bu parkda dincələ biləcəklər. Eyni zamanda, binanın sakinləri üçün xaricdən gətirilmiş, təzə və müasir tipli iki lift ( yük və sərnişin üçün nəzərdə tutulub) xidmət göstərəcək. Bundan əlavə binada olan 1 mənzil ötən il olduğu kimi tikinti şirkəti tərəfindən mebellə təmin olunaraq ev sahibinə hədiyyə veriləcək. Onun sahibi isə tikinti təşkilatı tərəfindən bugünkü püşkatma yolu ilə müəyyənləşdiriləcək. Müqayisə üçün deyə bilərik ki, buradakı mənzillər sakinlərin “Sovetski” adlanan ərazisindəki mövcud yaşayış sahələrindən 2-3 dəfə böyükdür.

Tədbirin sonunda püşkatma mərasimi keçirildi və sakinlər böyük sevinclə lott torbasından bəxtlərinə düşən rəqəmi seçərək mənzillərinin nömrəsini müəyyənləşdirdilər.

Keçidlər