Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu keçirildi

08 aprel 2016 | 11:00

Dövlət Proqramının 6.2.5. yarımbəndinə müvafiq olaraq məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığının yüksəldilməsi məqsədilə Yasamal rayon məktəbliləri arasında növbəti dəfə “Şahin” hərbi-idman oyunu keçirilmişdir.

“Şahin” hərbi-idman oyunu Gənclər və İdman, Fövqəladə Hallar, Mədəniyyət və Turizm, Təhsil və Müdafiə Nazirliklərinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının və Respublika Veteranlar Şurasının birgə qərarı ilə 1996-cı ildən başlayaraq orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilir.

Tədbir Mudafiə Nazirliyinin Təlim-tədris Mərkəzində keçirildi.Tədbirdə rayonun 18 məktəbinin komandası birincilik uğrunda mübarizə aparırdı.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, məktəb şagirdlərini hərbi –idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova “Şahin” hərbi idman oyununun yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük rol oynadığını nəzərə çatdırdı. Vurğuladı ki torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsi ən aktual məsələlərdən biridir.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daim dövlətin diqqət mərkəzində olduğunu, bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini bildirdi.

Yarışın nəticələrinə görə I yerə 31 saylı tam orta məktəbin komandası, II yerə 18 saylı tam orta məktəbin komandası, III yerə isə 60 saylı tam orta məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandaları məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışlar.

Keçidlər