Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda yeni iş yerlərinin açılması ilə bağlı qərargah yaradılıb

05 fevral 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirilib. Müşavirədə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə anti-böhran tədbirləri həyata keçirilir, görülən işlər barədə ictimaiyyət müntəzəm məlumatlandırılır.

Dövlət başçısının sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə Yasamal rayonunda bu ilin fevral ayının 1-dən etibarən 15 nəfərlik tərkiblə xüsusi qərargah yaradılıb. İctimaiyyətlə əlaqənin yaradılması məqsədilə qərargahın qaynar xətt telefonu (012-533-05-12) gün ərzində operativ şəkildə fəaliyyət göstərir.

Qərargah rayonun sosial-iqtisadi inkişafı ilə bağlı proqnozların, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlərin və qaynar xətt vasitəsilə daxil olan məlumatların əsasında təkliflərin hazırlanmasını, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcək.

İcra başçısı xüsusi olaraq qeyd etdi ki, ilkin mərhələdə dövlət tərəfindən ayrılmış vəsait hesabına tikinti sektorunda 319 nəfər, abadlıq , yaşıllaşdırma və təmizlik sahəsində isə 270 nəfərin işlə təmin olunması imkanı yaranmışdır. Bununla əlaqədar elan xarakterli məlumat Yasamal rayonu ərazisində bir çox vətəndaşlara paylanılmış, eyni zamanda yaşayış binaları, iaşə obyektləri olan məkanlarda oxunması üçün yapışdırılmışdır.

Müşavirənin sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev rayonda fəaliyyət göstərən aidiyyatı təşkilat və müəssisə rəhbərlərinə öz ciddi tapşırıq və tövsiyələrini verdi.

Keçidlər